“Bayern” 2024-cü ilin yayında “Bayer”in baş məşqçisi Xabi Alonsonu heyətinə qatmaq uğrunda mübarizədə qüvvətli mövqe sahibidir.
Arena.az xəbər verir ki, əvvəllər “Liverpul”un ispan mütəxəssisi transfer etmək imkanları daha yüksək idi.
Amma indi Almaniya nəhəngi Xabi Alonso ilə müqavilə imzalamaq üçün daha çox səy göstərir. Vurğulanır ki, bütün klub rəhbərliyi məşqçinin transferində maraqlıdır. Çünki Alonsonun uzun illər Münhen təmsilçisini çalışdıra biləcəyinə inanırlar.
Xatırladaq ki, “Bayern”in indiki baş məşqçisi Tomas Tuxelin yayda komandanı tərk edəcəyi artıq rəsmən bəllidir. Bu üzdən də klub rəhbərliyi indidən Tuxeli kimin əvəz edəcəyinə aydınlıq gətirmək istəyir. Hətta Tuxelin mövsümün gedişində postunu tərk etməsi də istisna olunmur.
Yeri gəlmişkən, Tomas Tuxelin də Almaniya çempionundan ayrılandan sonra dərhal işə başlaması ehtimalı yüksəkdir. İngiltərənin “Mançester Yunayted” və “Çelsi”, İspaniyanın “Barselona” klubu bu mütəxəssisi sükanı arxasında görmək arzusundadır.
Uzunmüddətli və gələcəyə yönəlmiş futbol strukturu yaratmağı hədəfləmiş “Mançester Yunayted” komandanın cari baş məşqçisi Erik ten Haqın uğursuz nəticələri mənzərəsində holland mütəxəssislə yollarını ayırmağı istisna etmir. Belə olan halda Tuxelin Ten Haqı əvəz etməsi gözlənilir. Alman mütəxəssis İngiltərədə sübut edəcəyi bir məqamın olduğunu düşünür. Tomas “Çelsi”dən ayrılması hekayəsindən məyus olduğunu gizlətmir və yenidən Premyer Liqaya qayıtmaq istəyir.
Tuxelin hətta “Çelsi”yə qayıtmaq imkanı da var. 50 yaşlı alman mütəxəssisin karyerasını davam etdirmək üçün üstün seçimi İngiltərə nəhəngi “Mançester Yunayted”dir. Bununla belə, alman mütəxəssis “Çelsi”nin sahibi Todd Boulidən təklif alacağı təqdirdə bu barədə düşünməyə hazırdır. Vurğulanır ki, amerikan iş adamı “zadəganlar”ın nəticələrinin əvvəllər indikindən qat-qat yaxşı olduğuna inandığı üçün belə bir addım ata bilər.
Əgər “qırmızı şeytanlar”la və “zadəganlar”la iş birliyi alınmazsa, bu halda Tuxel “Barselona”nın da təklifini nəzərdən keçirəcək.


