“Bayern”in idman direktoru Maks Eberl münhenlilərin 31 yaşlı ingilis hücumçusu Harri Keynə əvəzedici alınması haqda sualı cavablayıb.
Arena.az xəbər verir ki, ingilis ulduzun iş yükünün azaldılması məqsədilə, “Bayern”in Mönhenqladbax “Borussiya”sının 29 yaşlı alman mərkəz hücumçusu Tim Klyayndinsti satın ala bilcəyi haqda daha əvvəl mətbuatda xəbərlər yayılıb.
“Mən “Leypsiq”də işləyəndə, biz Tim Klyayndinstlə müqavilə imzalamaq haqda çox düşünürdük. Amma bu, hələ heç nə demək deyil (“Bayern” üçün seçim mənasında – redaktorun qeydi). Əlbəttə, biz əvəzedicinin satın alınması haqda düşünürük. Amma Harri Keynə əvəzedici ilə bağlı məsələ asan deyil. Bizim komandamızın heyəti genişdir. Yay planlarımıza gəlincə, onda bizə çox işi yerinə yetirmək gərəkdir”, – “Sport1” dərgisi Eberldən sitat gətirir.
Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 39 oyuna çıxıb, 34 qol və 12 məhsuldar ötürmə ilə fərqlənib.
Harri Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 84 oyun, 78 qol və 24 məhsuldar ötürmədən ibarətdir.
Keyn 23 qolla cari mövsüm Almaniya Bundesliqasının ən sərrast futbolçusudur. İngilis hücumçunun hesabında 8 məhsuldar ötürmə də var.
Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 105 oyuna 71 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib. Keyn İngiltərə yığmasının ən sərrast qolçusudur.
“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.
Əlavə edək ki, Keyn böyük futboldakı karyerası ərzində komanda səviyyəsində hələ, bir qənimət belə, qazana bilməyib.



