“Bayern”də Camal Musiala şoku

Futbol üzrə Almaniya milli komandasının və “Bayern”in hücumameyilli yarımmüdafiəçisi Camal Musiala uzun müddətə sıradan çıxıb.

Arena.az xəbər verir ki, 22 yaşlı futbolçu ötən gecə Almaniya Bundesliqasının 28-ci turu çərçivəsində keçirilmiş “Auqsburq”la səfər oyununda ağır zədə alıb.

Musiala 3:1 hesablı qələbəyə sevindikləri və bir qola imza atdığı bu matçın ikinci hissəsində zədələnib. Bu üzdən də o, 54-cü dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb.

Münhen klubunun idman direktoru Maks Eberl futbolçunun durumuna şərh verib: “Təəssüf ki, onun durumu yaxşı görünmür. O, “İnter”lə UEFA Çempionlar Liqasının gələn həftə keçiriləcək matçını buraxacaq”.

Musialanın durumuna ətraflı müayinələrdən sonra daha dəqiq aydınlıq gələcək.

“Sauthempton” və “Çelsi”nin futbol akademiyalarından keçmiş Camal Musiala 2019-cu ilin yayından “Bayern”də çıxış edir. Futbolçunun Münhen klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Musiala “Bayern”in heyətində 40 oyun keçirib, 18 qol vurub, 7 məhsuldar ötürmə verib.

Gənc yarımmüdafiəçinin “Bayern” karyerası ümumilikdə 203 oyun, 61 qol və 38 məhsuldar ötürmədən ibarətdir.

Musiala “Bayern”lə UEFA Çempionlar Liqasının (2019/2020), FIFA Klub Dünya Kubokunun (2021), UEFA Super Kubokunun (2020/2021) qalibi olub. Musiala Münhen klubu ilə 4 dəfə Almaniya çempionu (2019/2020, 2020/2021, 2021/2022, 2022/2023) və 3 dəfə Almaniya Kubokunun (2020/2021, 2021/2022, 2022/2023) qalibi olub.

Camal Musiala 2021-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 40 oyun keçirib, 8 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 21 yaşlı almaniyalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 140 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: