“Bayern”də ikitirəlik – Tuxel iki cəbhə arasında qalıb

Uğursuzluqlar zolağında çabalayan Almaniya nəhəngi “Bayern”in düşərgəsindən həyəcanlı xəbərlər mətbuata sızmaqda davam edir.

Arena.az məlumat verir ki, “Bild” nəşri komandanın daxilində ikitirəliliyin olması haqda məlumat əldə edib.

Mənbə münhenlilərin baş məşqçisi Tomas Tuxelə dəstək verən və “Bayern”in sükanı arxasında alman mütəxəssisin dayanmasına qarşı çıxan iki dəstənin olması haqda bildirib. Dərgi həmin futbolçularının siyahısını da təqdim edib.

Tuxeli dəstəkləyən futbolçular Manuel Noyer, Rafael Gerreyro, Camal Musiala, Leroy Sane, Harri Keyn və Erik Dayerdir.

Tuxelə qarşı müxalif mövqe tutmuş dəstəyə isə Yozua Kimmix, Leon Qoretska, Tomas Müller, Matteys de Liqt, Matis Tel və Serj Qnabri daxildir.

Xatırladaq ki, “Bayern” ardıcıl üç məğlubiyyət yaşayıb və komandadaxili ab-hava sağlam deyil. Mətbuatda Tuxelin istefaya gedəcəyi, kollektivin sükanı arxasına isə müxtəlif namizədlərin adı çəkilməsinə rəğmən, klub rəhbərliyi hələ vəziyyətə nəzarəti öz əlində saxlayıb.

Hazırdan Münhen təmsilçisi Bundesliqanın 22 turundan sonra 50 xalla lider “Bayer”dən 8 xal geridədir. Üstəlik, Almaniya nəhəngi Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə “Latsio”ya gözlənilmədən məğlub olub – 0:1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: