“Bayern”in bəzi futbolçularının komandanın baş məşqçisi Tomas Tuxeldən narazı olması haqda sızmış məlumat gündəm olub.
Arena.az məlumat verir ki, müvafiq xəbər jurnalistlər Filipp Kessler və Manuel Bonke tərəfindən ictimailəşdirilib.
Mənbənin məlumatına görə, futbolçulara Tomas Tuxelin ünsiyyət tərzi xoş gəlmir. Bəzi oyunçular Tuxelin hərəkətlərindən əsəbiləşirlər. Onlar hesab edirlər ki, 50 yaşlı mütəxəssisin komandaya demək olar ki, heç bir təsiri yoxdur və komandanın oyun nöqteyi-nəzərindən inkişafı demək olar, dayanıb. Heyət oyuna bir neçə saat qalmış açıqlandığı üçün futbolçular öz rollarına uyğunlaşmaqda çətinlik çəkirlər. Bundan əlavə, məşqçi onlarla az ünsiyyət qurur və yetirmələri ilə fərdi söhbət etməməyə üstünlük verir. Futbolçular, əsasən, Tuxelin köməkçiləri ilə əlaqə saxlayırlar.
Xatırladaq ki, “Bayern” Tuxelin rəhbərliyi altında mövsümə sarsıntı ilə başlayıb. “Bayern” Almaniya Super Kuboku uğurunda oyunda gözlənilmədən “Leypsiq”ə 0:3 hesabı ilə məğlub olub. Bundan sonra Tuxel vəziyyəti tarazlaya bilib və sabit oyun xətti üzrə komandanın Bundesliqa, Almaniya Kuboku və Çempionlar Liqasında mübarizəsini təmin edə bilir.
Hazırda “Bayern” Bundesliqada 7 oyundan 17 xal tolayıb 3-cü yerdə qərarlaşsa da, məğlub olmayıb və lider “Bayer”dən cəmi ikicə xal geri qalır. Almaniya Kubokunun 1/32 final mərhələsində münhenlilər səfərdə “Proyssen”i 4:0 hesabı ilə darmadağın ediblər. Çempionlar Liqasında da Almaniya nəhəngi uğurla çıxış edir, münhenlilər hər iki turda qələbə qazanıblar. Tuxelin yetirmələri açılış turunda evdə “Mançester Yunayted”i (4:3), 2-ci turda isə səfərdə “Kopenhagen”i (2:1) məğlub ediblər. Hazırda “Bayern” Çempionlar Liqasının A qrupunda 6 xalla vahid liderdir.
“Bayern” və Tuxelin özü tərəfindən müvafiq xəbər şərh edilməyib.


