Futbol üzrə İsveçrə milli komandasının və “Sürix”in mərkəz müdafiəçisi Beçir Omeraqiç Fransanın “Monpelye” klubuna transfer olunub. Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Fransa klubu 21 yaşlı futbolçunu azad agent kimi heyətinə qatıb. Lakin tərəflər arasındakı müqavilənin müddəti açıqlanmır. Futbolçunun “Sürix”lə müqaviləsinin müddəti isə bu ilin 30 iyununda başa çatacaq. O, yeni komandasına iyulun 1-dən etibarən qoşulacaq.
Xatırladaq ki, Beçir Omeraqiç İsveçrənin “Servett” komandasının yetirməsidir. O, 2018-ci ildən “Sürix”də forma geyinir. Gənc müdafiəçi bu klubun əsas komandasında 109 oyun keçirib. O, bu görüşlərdə cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb. Omeraqiç “Sürix”lə İsveçrə çempionatının 2021/2022 mövsümünün qalibi olub.
Omeraqiç İsveçrənin U-15, U-16, U-17, U-19 və U-21 yığmalarında da oynayıb. 2020-ci ildən isə o, ölkəsinin əsas milli komandasında forma geyinir. Müdafiəçi yığmada 4 matç keçirib.