Belfodil də “Sabah”a lazım olmadı

Lion “Olimpik”inin və Milan “İnter”inin sabiq hücumçusu İshak Belfodil Azərbaycanın “Sabah” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, hücumçu İshak Belfodillə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Futbolçuya kluba xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Xatırladaq ki, 32 yaşlı forvard 2023-cü ilin sentyabr ayında “bayquşlar”la rəsmi müqavilə bağlamışdı. Onun “Sabah”la müqaviləsinin müddəti 2025-ci ilin 30 iyununda bitməli idi.

Əlcəzairdən olan təcrübəli futbolçu Azərbaycan klubunun heyətində 21 oyuna çıxıb, 5 qol və 2 assistlə yadda qalıb.

“Sabah”ın sabiq hücumçusu peşəkar karyerasına Lion “Olimpik”ində başlayıb. O, sonradan İtaliyaya üz tutaraq burada “Bolonya”, “Parma”, “Livorno”, hətta Milan “İnter”i kimi klubların şərəfini qoruyub. İshak “Baniyas”, “Standard” (Lyej), “Verder”, “Hoffenhaym” və “Herta”da da forma geyinib. İshak “Sabah”dan öncə Qətərin “Əl-Qarafa” klubunda çıxış edib.

Belfodil vaxtilə Fransanın U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında oynayıb. 2013-cü ildən isə o, Əlcəzair yığmasına dəvət almağa başlayıb. Hücumçu öz ölkəsinin milli komandasında 19 matça çıxıb və 2 qola imza atıb.

“Sabah” daha öncə Davit Volkov, Kristian Sebalyos, Kristian da Silva, Maruan Hadudi, Emmanuel Apeh, Veysəl Rzayev və Jarl Marqarita ilə də yollarını ayırmışdı. Rauf Rüstəmli ilə Fəxri Məmmədli isə “Şamaxı”ya icarəyə veriliblər.

Kahim Parrisin (“Dinamo”, Kiyev, Ukrayna) transfer hüquqlarını alan “Sabah”, Coy-Lens Mikels (“Əl-Faysal”, Səudiyyə Ərəbistanı), İvan Lepinitsa (“Slaven Belupo”, Xorvatiya), Neqoş Kupusoviç (“Trençin”, Slovakiya) və Pavol Şafrankonu (“Sepsi”, Rumıniya) da heyətinə qatıb.