Bellingem “Real”ın cari mövsümdəki əsas fəsadını açıqladı

“Real”ın ingilis yarımmüdafiəçisi Cud Bellingem “qaymaqlılar”ın mövsümün əvvəlindəki əsas fəsadı haqda söhbət açıb.

Arena.az “Sporting News” dərgisinin “TNT Sports” dərgisinə istinadı əsasında məlumat verir ki, ingilis futbolçu “Real”ın mövsümə zəif başlamasını, alman keçmiş yarımmüdafiəçi Toni Kroosun “qaymaqlılar”dan ayrılması ilə əsaslandırır:

“Yenidən qurulmaq bizim üçün hələ də çətindir. Toni Kroosun itkisi oyunumuzun nəbzi və üslubu baxımından çox hiss edilir. Toni xüsusidir və onu əvəz etmək olmaz. Biz bu fəsadı həll etmək üçün başqa yollar arayıb-tapmalı və meydanın mərkəzindəki boşluqları doldurmalıyıq”, deyə Bellingem vurğulayıb.

Xatırladaq ki, Kroos ötən mövsümün bitməsi ilə “Real”dakı çıxışını başa vurmuşdu. Alman yarımmüdafiəçi vətəni Almaniyada keçirilmiş 2024-cü il Avropa çempionatından sonra isə futbollla birdəfəlik vidalaşmışdı.

“Real” yeni mövsümə UEFA Super Kubokunda qələbə ilə başlasa da, La Liqada zəif təsir bağışlayır. “Qaymaqlılar” məğlub olmasalar da, ilk 5 turun 2-də heç-heçə ediblər. Bu isə 5 turdan mütləq nəticə qazanmış “Barselona” ilə 4 xallıq fərq yaradıb.

Hazırda, “Real” La Liqanın yarış cədvəlində 11 xalla 4-cü pillədə yer alıb. “Barselona” isə 15 xalla La Liqaya başçılıq edir.