Futbol üzrə Çili milli komandasının və İspaniyanın “Vilyarreal” klubunun hücumçusu Ben Brereton Dias “Sauthempton”a keçib.
Arena.az xəbər verir ki, İngiltərə klubu 25 yaşlı futbolçunu 8,3 milyon avro qarşılığında heyətinə qatıb.
Bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. Dias yeni klubu ilə 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıb.
Xatırladaq ki, Ben Brereton Dias 2023-cü ilin iyul ayında İngiltərənin “Bləkbörn” klubundan ayrılaraq “Vilyarreal”a keçmişdi. O, La Liqa təmsilçisində 20 oyuna çıxsa da, qol vura bilməyib. Hücumçu ötən mövsümün ikinci dövrəsini də “Şeffild Yunayted”də icarədə keçirib.
Ben Brereton Diasın əvvəlki karyerası məhz İngiltərə ilə bağlıdır. “Mançester Yunayted”in futbol akademiyasından çıxmış futbolçu bu ölkədə “Bləkbörn”dən başqa “Nottingem Forest”də də oynayıb. O, Çili milli komandasının heyətində 27 oyuna çıxıb, 7 qola imza atıb.
“Sauthempton” Yaponiyanın “Tokio” klubunun mərkəz yarımmüdafiəçisi Kuryu Matsukini də transfer edib. 25 yaşlı yapon futbolçunun transfer detalları açıqlanmasa da, onunla 4 illik müqavilə imzalandığı diqqətə çatdırılıb. Amma o, qarşıdakı mövsümdə “Sauthempton”un uğurları üçün çalışmayacaq. Belə ki, İngiltərə klubu yeni transferini Türkiyə Super Liqasında mübarizə aparacaq “Göztəpə”yə icarəyə verib. Yarımmüdafiəçi qarşıdakı mövsümün sonuna kimi İzmir təmsilçisində forma geyinəcək.
“Tokio”nun yetirməsi olan Kuryu Matsuki bu klubun əsas komandasında 79 oyuna çıxıb, 7 qol və 13 assistlə yadda qalıb. O, Yaponiyanın U-20 və U-23 yığmalarında da oynayıb.
“Sauthempton”un hücumçusu Çe Adams isə bu klubdan ayrılaraq İtaliya A Seriyasında mübarizə aparan “Torino”ya keçib. Azad agent statusuna malik 28 yaşlı şotland forvard yeni klubu ilə 3 illik müqavilə bağlayıb.
“Oudbi Taun”, “İlkston”, “Şeffild Yunayted”, “Birmingem Siti” kimi klublarda da oynamış Çe Adams, “Sauthempton”a 2019-cu ilin iyul ayında 16,7 milyon avro qarşılığında keçmişdi. O, bu klubun əsas komandasında 191 oyuna çıxıb, 48 qol və 20 assistlə yadda qalıb.
Adams Şotlandiya yığmasında 33 oyuna 6 qol vurub, 3 məhsuldar ötürmə verib.