İngiltərənin “Tottenhem” klubu müdafiəçisi Ben Deyvis ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
29 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2024/25 mövsümünün sonunadək London klubunun uğurları üçün çalışmağa davam edəcək. Onun əvvəlki sözləşməsi gələn ilin yayında başa çatacaqdı.
Ben Deyvis 2014-cü ildən “Tottenhem”də çıxış edir. Uelsdən olan mərkəz müdafiəçisi London təmsilçisində keçirdiyi 8 mövsüm ərzində 271 oyuna çıxıb, 6 qola imza atıb. O, daha öncə yetirməsi olduğu “Suonsi Siti”də də oynayıb. Uels yığmasında 74 oyun keçirmiş futbolçu 1 qol vurub.
“Tottenhem” gənc hücumçusu Troy Perrottla da müqavilə yeniləyib. 20 yaşlı futbolçu da yeni müqavilə ilə 2025-ci ilin yayına kimi London klubunda qalacaq. O, yeni müqaviləni imzaladıqdan sonra “Preston Nort End” klubuna icarəyə göndərilib. İrlandiyalı futbolçu 2023-cü ilin yayına kimi bu komandada forma geyinəcək.
Troy Perrott “Tottenhem”in öz yetirməsidir. O, bu klubun əsas komandasında cəmi 4 oyuna çıxıb. London klubu Perrottu daha öncə “Milluol”, “İpsviç Taun” və “Milton Kins Dons”a da icarəyə verib.