İngiltərənin “Arsenal” klubu sağ cinah müdafiəçisi Ben Uayt ilə razılığa gələrək, müqaviləsinin müddətini uzadıb.
Arena.az bu barədə London təmsilçisinin rəsmi saytına istinadən məlumat verir.
Yenilənmiş müqavilənin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.
Yeri gəlmişkən, “Arsenal”ın baş məşqçisi Mikel Arteta Ben Uaytın yeni müqaviləsi haqda danışıb. İspan mütəxəssisin bu barədə fikirlərini təqdim edirik:
“Ben Uayt bizim üçün əsas oyunçudur, qalib zehniyyətə malik yüksək səviyyəli peşəkardır və hər gün digər gənc oyunçulara nümunə olan uşaqlardan biridir. Biz hamımız qarşıdakı illərdə Ben ilə işləməyə davam etməyi səbirsizliklə gözləyirik”, deyə Arteta bildirib.
Ben Uayt “Sauthempton” akademiyasının yetirməsidir. Müdafiəçis karyerası ərzində “Brayton”, “Nyuport Kaunti”, “Piterboro” və “Lids”də oynayıb. “Arsenal” Uaytı 2021-ci ilin iyulunda 58,50 milyon avro müqabilində “Brayton”dan heyətinə qatıb.
Cari mövsümdə Uayt “topçular”ın heyətində 39 oyuna 2 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib. Uaytın “Arsenal”ın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 122 oyun, 4 qol, 9 məhsuldar örürmə.
Ben Uaytın qənimətlər muzeyində “Lids”lə qazandığı 2019/2020 mövsümü İngiltərə Çempionşipi çempionluğu və “Arsenal”la 2023/2024 mövsümü İngiltərə Super Kuboku var.
Ben Uayt 2021-ci ilin iyununda debüt etdiyi İngiltərə yığmasının heyətində 4 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Transfermarkt” internet-portalı 26 yaşlı ingilis sağ cinah müdafiəçisinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.