Ben Uayt İngiltərə millisində oynamaqdan imtina etdi

London “Arsenal”ının sağ cinah müdafiəçisi, ingilis futbolçu Ben Uayt İngiltərə milli komandasında oynamaqdan imtina edib.

Arena.az xəbər verir ki, bunu yığmanın baş məşqçisi Qaret Sautqeyt açıqlayıb.

Sautqeyt 26 yaşlı müdafiəçinin millidə olmamasından danışıb və Uaytın qərarına belə münasibət bildirib:

“Ben milli komandaya seçilmək istəmirdi və bu, böyük itkidir. Çox bəyəndiyim futbolçudur. Onu Avropa çempionatı və Dünya çempionatı üçün heyətə daxil etmişdim. Qətərdən sonra onunla danışmışam, onu millidə görmək istəyirdim… Bu məsələdə onun tərəfində aşkar təmkin vardı”.

Xatırladaq ki, Ben Uayt 2021-ci ilin iyun ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 4 oyun keçirib. O, bu oyunlarda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Ben Uayt “Sauthempton” akademiyasının yetirməsidir. Müdafiəçi karyerası ərzində “Brayton”, “Nyuport Kaunti”, “Piterboro” və “Lids”də də oynayıb. “Arsenal” Uaytı 2021-ci ilin iyulunda 58,5 milyon avro müqabilində “Brayton”dan heyətinə qatıb. Onun “Arsenal”la müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olan müqaviləsi var.

Cari mövsümdə Uayt “topçular”ın heyətində 39 oyuna 2 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib. Uaytın “Arsenal”ın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 122 oyun, 4 qol, 9 məhsuldar örürmə.

Ben Uaytın qənimətlər muzeyində “Lids”lə qazandığı 2019/2020 mövsümü İngiltərə Çempionşipi çempionluğu və “Arsenal”la 2023/2024 mövsümü İngiltərə Super Kuboku var.

“Transfermarkt” internet-portalı 26 yaşlı ingilis sağ cinah müdafiəçisinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.