“Benfika” 38-ci dəfə Portuqaliya çempionu oldu

Portuqaliyanın ən titullu komandası olan “Benfika” ölkə çempionatının 2022/2023 mövsümünün də qalibi olub.

Arena.az xəbər verir ki, sözügedən komanda mövsümün sonuncu turunda öz meydanında “Santa-Klara” üzərində 3:0 hesablı inamlı qələbə qazanaraq çempionluğunu rəsmiləşdirib.

Mövsümün son turunda iki komandanın çempionluq şansı var idi. “Benfika” son turda məğlub olsaydı, əzəli rəqibi “Portu” da çempion ola bilərdi. Hansı ki, sözügedən komanda da son turda öz meydanında “Gimaraynş”a 3:0 hesabıyla qalib gəlib. Amma lider çempionluq fürsətini qaçırmayıb və mövsümü 87 xalla zirvədə tamamlayıb. Komanda keçirdiyi 34 oyunda 28 qələbə qazanıb, 3 heç-heçə edib və 3 məğlubiyyətlə üzləşib. Liderdən 2 xal geri qalan “Portu” gümüş medallarla kifayətlənib. Üçüncü yeri isə 78 xal toplamış “Braqa” tutub.

Xatırladaq ki, bu çempionluq 2018/2019 mövsümündən bu yana Lissabon klubunun ilk çempionluğudur. Lissabonlular 38-ci dəfə Portuqaliya çempionluğunu qazanmaqla bu göstəricidə mütləq rekordçudurlar. Bu komandanın əzəli rəqibi “Portu” 30 çempionluqla ikinci yerdədir. Lissabonun digər təmsilçisi “Sportinq” isə 19 dəfə Portuqaliya çempionu olub.

“Benfika”ya bu mövsümdən Rocer Şmidt rəhbərlik edir. Almaniyadan olan 56 yaşlı mütəxəssis ilk mövsümündəcə komandaya çempionluq sevinci yaşadıb.