Benito Raman və Arbnor Muya “Samsunspor”da

Türkiyənin “Samsunspor” klubu heyətini iki yeni futbolçu – hücumçu Benito Raman və sağ cinah vingeri Arbnor Muya ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Benito Belçikanın “Anderlext”, Arbnor isə “Antverpen” klublarından Samsun təmsilçisinə keçiblər. 29 yaşlı Raman yeni klubu ilə 2,5, 25 yaşlı Muya 3,5 illik müqaviləyə imza atıblar.

Benito Raman “Gent”in yetirməsidir. O, “Beersxot”, “Kortreyk”, “Sent-Trüden”, “Standard” (Lyej), “Fortuna” (Düsseldorf), “Şalke” kimi klublarda da forma geyinib. 2021-ci ildən “Anderlext”də forma geyinən 29 yaşlı belçikalı forvard bu komandanın heyətində 89 oyuna 19 qol vurub, 8 məhsuldar ötürmə verib. O, Belçika millisində də 1 oyun keçirib.

Arbnor Muya isə Kosovo təmsilçisi “Trepça”nın yetirməsidir. O, “Ayntraxt” (Braunşveyq), “Skenderbeu”, “Drita” kimi klubların da formasını geyinib. 25 yaşlı vinger 2022-ci ildən formasını geyindiyi “Antverpen”də 68 oyuna 10 qol vurub, 8 məhsuldar ötürmə verib. Vaxtilə həm Albaniyanın, həm də Kosovonun aşağı yaş qrupları üzrə yığmalarında oynamış Muya, 2023-cü ilin sentyabrından Albaniya yığmasında çıxış edir. O, bu komandanın heyətində 5 oyun keçirib.

“Samsunspor”da 4 ayrılıq

“Samsunspor” 4 futbolçusu ilə də yollarını ayırıb. Əslən Konqo Demokratik Respublikasından olan 28 yaşlı fransalı hücumçu Qaetan Laura “Gənclərbirliyi”nə icarəyə verilib. O, 2022-ci ildən formasını geyindiyi Samsun klubunda 38 oyuna 12 qol vurub, 6 assistlə yadda qalıb.

Portuqaliya vətəndaşlığı da olan Qvineya Bisau yığmasının sağ cinah müdafiəçisi Nanu “Eştrela”ya icarəyə verilib. 29 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarədə olacaq. O, 2023-cü ilin yayında heyətinə qoşulduğu Türkiyə klubunda cəmi 5 matça çıxıb və 1 assistlə yadda qalıb.

“Samsunspor” digər sağ cinah müdafiəçisi Ali Ülgeni də “İğdır” klubuna icarəyə verib. 24 yaşlı futbolçu bu mövsümün sonuna kimi aşağı liqa klubunun formasını geyinəcək. “Qalatasaray”ın yetirməsi olan, “Osmanlıspor” və “Sakaryaspor”da da oynamış futbolçu Samsun təmsilçisində 48 oyuna çıxıb, 3 qol və 4 assistlə yadda qalıb.

Belçikalı sağ cinah müdafiəçisi Mikael Tirpan isə Samsun komandasını birdəfəlik tərk edib. O, ölkəsinə qayıdıb və “Lyers” klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqavilə bağlayıb. Daha öncə Türkiyədə “Kasımpaşa”nın da formasını geyinmiş Tirpan, “Samsunspor”da cəmi 7 matça çıxıb.