“Mançester Siti”nin keçmiş futbolçusu Benjamen Mendi, rejimi və COVID məhdudiyyətlərini pozmuş yeganə “şəhərli” oyunçu olmadığını bildirib.
Arena.az “Sky Sports” dərgisinə istinadən, hazırda “Loryan”da çıxış edən fransalı futbolçunun bu barədə xatirsəni təqdim edir.
Mendinin sözlərinə görə, “şəhərlilər”in bir neçə futbolçusu eyş-işrət şənliklərinə qatılıb, spirtli içki qəbul edib və nizamsız cinsi münasibətlərdə olub. Mendi hesab edir ki, belə bir vəziyyətdə onu təkbaşına cəzalandırmaq ədalətsizlik olardı:
“Mançester Siti”nin əsas komandasının bir neçə oyunçusu, o cümlədən klubun kapitanı mənim iştirak etdiyim və təşkil etdiyim məclislərə gedirdilər. Biz hamımız spirtli içki içirdik. Hamımız az-çox tanıdığımız qadınlarla cinsi münasibətlərdə olmuşuq. Koronavirus dövründə hamımız məhdudiyyətləri pozmuşuq.
Bu, mənim davranışıma haqq qazandırmır, amma düşünürəm ki, “Mançester Siti”nin məni fərqləndirməsi ədalətsizlikdir. Mənim, “Mançester Siti”nin digər oyunçularından fərqim ondan ibarətdir ki, mən saxta surətdə zorlamada ittiham edilmişəm və ictimaiyyət qarşısında alçaldılmışam…”, deyə Mendi narazılığını ifadə edib.
Sol cinah müdafiəçisi Benjamen Mendi 2017-2023-cü illər aralığında “Mançester Siti”nin şərəfini qoruyub. Mendi “şəhərlilər” üçün 75 oyun keçirib, 2 qol və 12 məhsuldar ötürmə ilə fərqlənib. Mendi “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (4 dəfə), İngiltərə Kubokunun, İngiltərə Liqa Kubokunun (4 dəfə) və İngiltərə Super Kubokunun (2 dəfə) qalibi olub.
Fransa yığmasının heyətində Mendi 10 oyun keçirib, 2 məhsuldar ötürmə verib və “xoruzlar”la DÇ-2018-in qalibi olub.