Benjamen Pavar “Bayern”dən ayrılır – Qərarını kluba bildirdi

“Bayern”in və Fransa yığmasının müdafiəçisi Benjamen Pavar klub rəhbərliyinə komandadan ayrılmaq istədiyini bildirib.

Arena.az məşhur insayder Florian Plettenberqin “Twitter” hesabına istinadən xəbər verir ki, Pavar münhenlilərlə 2024-cü ilə qədər qüvvədə olan müqaviləsini uzatmaq istəyində deyil.

O, bu yay transfer pəncərəsində alman klubu ilə yollarını ayırmaq istəyir.

Məlumata görə, Pavar “Barselona”nın maraq dairəsindədir. Bununla yanaşı, daha bir neçə klubun fransız müdafiəçinin xidmətində maraqlı olduğu haqda məlumat var.

Benjamen Pavar 2019-cu ildən Münhen komandasında forma geyinir. 27 yaşlı sağ cinah müdafiəçisi cari mövsümdə “Bayern”in heyətində 43 oyuna çıxaraq 7 qol və 1 qol ötürməsi ilə fərqlənib. Bu illər ərzində fransız “Bayern”lə 10 qənimət əldə edib. Bunların sırasında dörd Almaniya çempionluğu və Çempionlar Liqasının kuboku da var.

“Transfeermarkt” internet-portalı futbolçunu 35 milyon avro məbləğində dəyərləndirir.