Benjamin Pavar: “İtaliyada oynamaq mənə xoş hisslər bəxş edir”

Milan “İnter”inin və Fransa yığma komandasının müdafiəçisi Benjamin Pavar İtaliyadakı karyerası ilə bağlı təəssüratını paylaşıb.

Arena.az fransız futbolçunun təəssüratını təqdim edir:

“İnanılmaz azarkeşləri olan böyük bir ölkədə olmaqdan çox şadam. İtaliyada oynamaq əladır, bu, mənə çox xoş hisslər bəxş edir. Müdafiənin mərkəzi mənim sevimli mövqeyimdir, mərkəzdə oynamaq üçün “Bayern”dən ayrıldım və mərkəz müdafiəçisi kimi yığmada yerimi qazandım. Buna görə də, əlbəttə ki, mənimlə hər şey yaxşıdır”, deyə Pavar vurğulayıb.

Benjamin Pavar “İnter”ə 2023-cü ilin avqustunda 30 milyon avro müqabilində “Bayern”dən keçib. Fransız müdafiəçinin “İnter”lə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Pavar “İnter”in heyətində 26 oyuna çıxıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Pavar 2017-ci ilin noyabrında debüt etdiyi Fransa yığmasının heyətində 53 oyuna 5 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib. Benjamin “xoruzlar”la 2018-ci il dünya çempionatının, 2021-ci il UEFA Millətlər Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı Benjamin Pavarı 50 milyon avro məbləğində qiymətləndirir.