Bennaser əməliyyat olundu – 6 ay oynamayacaq

Futbol üzrə Əlcəzair milli komandasının və İtaliyanın “Milan” klubunun yarımmüdafiəçisi İsmael Bennaser əməliyyat olunub. Arena.az xəbər verir ki, bu barədə A Seriyası nəhəngi rəsmi saytı vasitəsilə məlumat yayıb.

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində baş tutan “İnter”lə ilk oyunda zədələnən futbolçu ətraflı müayinədən keçirilib. Zədəsinin ciddi olduğu müəyyənləşən futbolçunun əməliyyat olunmasına qərar verilib. Bu isə onun cari mövsümdə bir daha komandasına kömək edə bilməyəcəyindən xəbər verir.

Klubdan verilən məlumata görə, Bennaser təxminən altı ay yaşıl meydanlardan kənarda qalacaq. Bu isə əlcəzairli yarımmüdafiəçinin hətta növbəti mövsümün startını da buraxacaq.

“Milan” İsmael Bennaseri 2019-cu ilin avqustunda “Empoli”dən 17.2 milyon avro qarşılığında transfer edib. O, bu komandada indiyə qədər 145 oyuna çıxıb, 6 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. İsmael daha öncə “Empoli”, “Arsenal”, “Tur”, “Arl-Avinyon” kimi klubların da formasını geyinib. Daha öncə Fransanın U-18 və U-19 yığmalarında da oynamış futbolçu 2016-cı ildən Əlcəzair milli komandasında çıxış edir. O, yığmada 46 oyuna çıxıb və 2 qol vurub.

Xatırladaq ki, “Milan” “İnter”lə ilk yarımfinal görüşündən 0:2 hesablı məğlubiyyətlə ayrılıb. Sözügedən komandalar arasındakı cavab görüşü bu gün keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Sözügedən komandanı İtaliya A Seriyası çərçivəsində də “Sampdoriya”, “Yuventus” və “Verona” ilə görüşlər gözləyir. Turin təmsilçisi ilə qarşılaşma səfərdə, digər oyun isə evdə baş tutacaq.