Benua Kostil gəldi, Leo Jardim satıldı – “Lill”də

Futbol üzrə Fransa milli komandasının sabiq qapıçısı, bu mövsümün əvvəlindən “Oser”də forma geyinən Benua Kostil Liqa 1-də klubunu dəyişib. Arena.az xəbər verir ki, 35 yaşlı qolkiper “Lill”ə transfer olunub.

Bu barədə onun yeni klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. Azad agent statusu daşıyan futbolçu “Lill” ilə bu mövsümün sonunadək anlaşıb.

Benua Kostil peşəkar karyerasına “Kan”da başlayıb. O, “Vann”, “Sedan”, “Renn” və “Bordo” kimi klubların da formasını geyinib. Təcrübəli qapıçı cari mövsümün əvvəlində müqavilə imzaladığı “Oser”də 19 oyuna 41 qol buraxıb. O, vaxtilə Fransanın U-21 və əsas yığmalarında da oynayıb.

“Lill” Kostilin transferi ilə yanaşı, öz qapıçısı Leo Jardimi də Braziliyanın “Vasko da Qama” klubuna satıb. Fransa klubu bu transferdən 2 milyon avro qazanıb. Braziliyadan olan 27 yaşlı qolkiper yeni klubu ilə 2025-ci ilin 31 dekabrına qədər müqavilə bağlayıb.

Leo Jardim Braziliyanın “Qremio” klubunun yetirməsidir. O, Portuqaliyada “Rio Ave” və “Boavişta”nın da uğurları üçün çalışıb. “Lill”ə 2019-cu ilin iyul ayında 6 milyon avro qarşılığında transfer olunan qolkiper, bu komandada cəmi 30 oyuna çıxıb.

“Lill” hücumçusu İsaak Lihaci ilə də yollarını ayırıb. Fransadan olan 20 yaşlı forvard İngiltərənin “Sanderlend” klubuna satılıb. O, yeni klubu ilə 2.5 + 1 illik müqaviləyə imza atıb. “Lill”in bu transferdən nə qədər qazandığı açıqlanmır.

İsaak Lihaci Marsel “Olimpik”inin yetirməsidir. O, 2020-ci ilin iyul ayından “Lill”də forma geyinirdi. Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış forvard, Liqa 1 təmsilçisində 39 oyuna çıxıb, 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: