Benyamin Şeşko nəhəng klublardan imtinasının səbəbini açıqladı

“Leypsiq”in gənc sloven mərkəz hücumçusu Benyamin Şeşko nəhəng klubların marağı mənzərəsində alman klubunda qalmasını şərh edib.

Arena.az xatırladır ki, 21 yaşlı sloven futbolçunun xidmətində İngiltərə Premyer Liqasının nəhəngləri – “Arsenal” və “Çelsi” maraqlı olsalar da, Şeşko seçimini “Leypsiq”in xeyrinə edib:

“Mən hər şeyi yaxşıca ölçüb-biçmişəm. İnanıram ki, düzgün qərar vermişəm. Mən təcrübə qazanmaq, daha çox öyrənmək və hadisələri tələsdirməmək istəyirəm. “Leypsiq” mənə növbəti addımı atmaq üçün gərək olan hər şeyi verəcək böyük klubdur. “Leypsiq”in inkişaf istiqaməti aydındır. Hər şey tərəqqiyə və yüksək hədəflərə çatmağa yönəlib. Hiss edirdim ki, qalmaq haqda qərarım doğrudur”, – “Nogomania” dərgisi Şeşkodan sitat gətirir.

Benyamin Şeşko futbola “Radeçe” klubunda qədəm qoyub. Hucümçu erkən gənclik dövründə “Krşko”, “Domjale” və “Zalsburq”da çıxış edib. Şeşkonun böyük futbolda debütü “Zalsburq”la baş tutub. “Öküzlər” sloven hücumçunu bir müddət “Liferinq”də icarədə oynadıblar.

2023-cü ilin iyulunda isə “Leypsiq” Benyamin Şeşkonu 24 milyon avro məbləğ müqabilində “Zalsburq”dan tamhüquqlu müqavilə əsasında öz heyətinə qatıb. Alman klubunun sloven hücumçu ilə müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Şeşko “Leypsiq”də ilk – 2023/2024-cü illər mövsümündə bütün yarışlarda 42 oyuna çıxıb, 18 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Benyamin Şeşko 2021-ci ilin iyununda debüt etdiyi Sloveniya yığmasının heyətində 33 oyun keçirib, 11 qol vurub və 6 məhsuldar ötürmə verib.

Benyamin Şeşkonun qənimətlər muzeyində “Zalsburq”la 3 Avstriya çempionluğu və Avstriya Kuboku, həmçinin “Leypsiq”lə Almaniya Super Kuboku var. Fərdi qənimətlərə gəlincə, Şeşko 2022-ci ildə Sloveniyada ilin futbolçusu, 2023-cü ildə isə Avstriyada mövsümün oyunçusu seçilib.

“Transfermarkt” internet-portalı 21 yaşlı sloven hücumçumun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.