Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun fransalı hücumçusu Kərim Benzema açıqlaması ilə futbol ictimaiyyətinin diqqətini çəkib.
Arena.az “TNT Sports Brasil” dərgisinə istinadən məlumat verir ki, o, vaxtilə “Real”da birlikdə çıxış etdiyi, “Əl-Nəsr”in portuqal ulduz hücumçusu Kristiano Ronaldonu tarixin ən yaxşı futbolçusu hesab etmədiyini bildirib:
“Hər kəs öz istədiyini danışır. Əgər o, tarixdə ən yaxşı olduğunu düşünürsə… Mənim üçün, məsələn, bu, braziliyalı Ronaldodur”, deyə fransalı ulduz vurğulayıb.
Kərim Benzema “Əl-İttihad”a 2023-cü ilin iyununda “Real”dan azad agent qismində qoşulub. “Real”a qədər Benzema yalnız Lion “Olimpik”ində çıxış edib. Kərim “Əl-İttihad”la müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Cari mövsümdə Benzema “Əl-İttihad”ın heyətində bütün yarışlarda 20 oyuna 18 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib.
Benzemanın ərəb klubunun heyətində çıxışının ümumi mənzərəsi 49 oyun, 31 qol və 15 məhsuldar ötürmədən ibarətdir.
Benzemanın futbol uğurları və məşhurlaşması “Real”dakı çıxışı ilə bağlıdır. Kərim “qaymaqlılar”n heyətində 14 mövsüm keçirib. Benzema “Real”la ümumilikdə 648 oyuna çıxıb, 354 qol vurub, 165 məhsuldar ötürmə verib.
Müsəlman futbolçunun zəngin muzeyində 4 Fransa çempionluğu, 1 Fransa Kuboku, 2 Fransa Super Kuboku, 4 İspaniya çempionluğu, 3 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku, 5 Çempionlar Liqası, 4 UEFA Super Kuboku, 5 FIFA Klub Dünya Kuboku, bir sözlə, bütün ali klub yarışlarının qənimətləri var.
Benzema 2022-ci il üçün UEFA-ya görə Avropada ilin oyunçusu adını qazanıb, həmçinin 2022-ci il üçün “Qızıl top” mükafatı ilə təltif edilib, 4 dəfə (2011, 2012, 2014, 2021) Fransada ilin futbolçusu adına layiq görülüb. Həmçinin Benzema 1 dəfə Fransa Liqa 1-də və 6 dəfə İspaniya La Liqasında ilin oyunçusu seçilib.
Benzema 2007-ci ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 97 oyuna çıxıb, 37 qol vurub, 20 məhsuldar ötürmə verib. Kərim Fransanın U-17 yığmasının heyətində Avropa çempionatının qalibi olub, həmçinin “xoruzlar”ın əsas yığması ilə UEFA Millətlər Liqasını (2021) qazanıb.
“Transfermarkt” internet-portalı 36 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.



