Berdıyev: “Şərtlər uyğun olmasa da, hər iki komanda üçün eyni idi”

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 24-cü turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Çətin oyun oldu. Meydançada şərtlər uyğun olmasa da, hər iki komanda üçün eyni idi. Asan deyildi. Çox çətin mübarizə oldu. Həm qələbəyə, həm də uşaqların göstərdikləri xarakterə görə çox şadam. Hər iki tərəfin müəyyən imkanları oldu. Şükürlər olsun ki, qələbə qazandıq”.

Kurban Berdiyev hakimliklə bağlı hər hansı narazılığının olmadığını da bildirib və komandasının ümumi çıxışına qiymət verib:

“Hakimlər oyunu yaxşı idarə etdilər. Komandamın çıxışına gəlincə, oyundan-oyuna hazırlaşırıq. Bütün fikrimizi önümüzdəki matça yönəldirik. Sonda necə olacağını Allah bilir. Necə məsləhətdirsə, elə də olacaq”.

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Oyun haqda qısa danışacağam. Biz oynadıq, onlar qələbə qazandılar. Yüz faizlik epizodlarımızı dəyərləndirə bilmədik. “Turan Tovuz” bir hücuma bir qol vurdu. Növbəti oyunlara baxacağıq.

Oyundan öncəki süni ajiotaja gəlincə, bunlar olan şeylərdir. Bəlkə də, özlərini siğortalamaq üçün belə edirdilər. Hakimlər və AFFA nümayəndəsi oyunun keçirilməsinin qənaətbəxş olduğunu bildirdilər. Buna razı olmalıyıq. Oyunun keçirilməsinə maneə yox idi. Mübarizəli oyun getdi. Düzdür, bir-iki epizod var idi ki, VAR-a gedilməli idi, amma ümumən pis idarəçilik olmadı”.

Ayxan Abbasov Belaydi Pusinin satılmasına da münasibət bildirib:

“Pusinin gedişi pis oldu. Əsas oyunçumuzun getməsini istəməzdim. Onu Azərbaycana mən gətirmişdim. Əvvəlcə “Turan Tovuz”a, sonra “Şamaxı”ya gəldi. Buranı seçməsinə vasitəçi oldum. Pusinin yaxşı təklifləri var idi. Onu başa düşürdük, böyük məbləğ yox idi. Azərbaycandan Rusiyaya az futbolçu gedir. Onu ora qazandırmaq bizi sevindirir. Eyni zamanda klub da müəyyən qədər qazandı. Bunları düşündük. Axtarışlarımız var. İnşallah, xeyirli qərar verəcəyik”.

Xəbəri istədiklərinizlə paylaşın