Berezutski: “Kuboku qazanmaq üçün əlimizdən gələni edəcəyik”

“Sabah”ın baş məşqçisi Vasili Berezutksi Azərbaycan Kubokunun yarımfinalında “Neftçi”yə qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, rusiyalı mütəxəssis 1:1 hesabıyla yekunlaşmış qarşılaşmadan sonrakı mətbuat konfransında bunları söyləyib:

“İkinci hissədə dominant futbol oynayırdıq. Qol vurmaq üçün şanslarımız var idi. Əsas odur ki, finaldayıq. Kuboku qazanmaq üçün bizə bir addım qalıb. Bu tituldur, prestijdir. Əlimizdən gələni edəcəyik ki, onu qazanaq”.

Qeyd edək ki, “Neftçi”yə ilk oyunda 2:1 hesabıyla qalib gəlmiş “Sabah” finalda “Qarabağ”la üz-üzə gələcək. Bu komandanı həftəsonu Premyer Liqa çərçivəsind də “Qarabağ”la oyun gözləyir. Berezutski həmin oyundan da söz açıb:

“Növbəti matçda rotasiyalarla oynayacağıq. 4 gündə üçüncü oyunumuzu oynayacağıq. Finalda isə hər şey ola bilər. Hazırlaşacağıq. Mübarizə aparacağıq. Çempionatın hər oyunu bizim üçün önəmli olacaq. Biz hər oyunda qələbə üçün oynayacağıq ki, qalib gələk”.

Vasili Berezutski tanınmış mütəxəssis Leonid Slutskini final oyununa dəvət etməklə bağlı sualı da cavablandırıb:

“Məmmuniyyətlə onu dəvət edərdim. Çindəki oyun qrafiklərini bilmirəm. Düşünürəm ki, dəvət etsəm, böyük məmmuniyyətlə gəlib oyuna baxar”.

Samir Abasov üzr istədi

“Neftçinin baş məşqçisi Samir Abasov isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Azarkeşlərimizə təşəkkür edirəm. Birinci dəfədir ki, səfər matçında bu qədər azarkeş yığılmışdı. Onların dəstəyini də hiss ediridk, arxamızda olduqlarını görürdük. Kubokun bütün məsuliyyəti mənim boynumdadır. Qırılmış ümidlərə görə azarkeşlərdən üzr istəyirik. Baxmayaraq ki, komandanı biz yığmamışıq. Bəzi səbəblərə görə qış fasiləsindən də yaxşı yararlana bilmədik, istədiyimiz oyunçuları gətirə bilmədik. Yəni bu komanda bizim əsərimiz deyil. Kubokdakı uğursuzluğa görə isə məsuliyyət daşıyırıq. Üzr istəyirik.

Bu gün üzüldüyüm əsas məqam odur ki, bu matça çox yaxşı köklənmişdik. Birinci hissədə bu il ən yaxşı oyunumuzu göstərdik. Rəqibə qapımıza yaxınlaşmağa imkan vermədik. Qol zamanı isə qapıçı ilə müdafiəçimiz anlaşa bilmədi. Qol epizodlarımız var idi. Onları vursaydıq… Əhval-ruhiyyə də möhtəşəm idi. Rəqibi hər cəhətdən təhlil etmişdik. Əfsus ki, sonunu gətirə bilmədik. Sona qədər pressinq edib, rəqibə imkan verməmək gücündə deyilik. Rəqibimiz də yaxşıdır. “Sabah”ın heyətində yaxşı oyunçular var. Rəqib əvəzetmələrdən sonra top saxladı, canlandı. Biz isə irəliyə atılmağa başladıq, boşluqlar verdik. İkinci məsələ də odur ki, fasiləyə gələndə, şikayətlənməyə başladılar. Emin Mahmudov gördük ki, bu gün lider kimi oyunda idi, amma sona qədər çatdıra bilmədi. Hamısı əvəzetmə istəyirdi. Bütün hücumameyilli oyunçuları meydana buraxdıq. Rəqib hücumameyilli futbolçuları oyuna buraxandan sonra fərq yaratdı, biz onu edə bilmədik. Kaş ki, 11-liklə sona qədər davam edərdik.

Heyətdəki oyunçulara gəlincə, rəhbərlik və biz tərəfdən də qərarlar veriləcək. Burada açıqlamaq istəmirəm. Daha yaxşı “Neftçi” kimi gəlmək istəyirik. “Neftçi”yə layiq olan oyunçuları gətirməliyik.

Heç kimi qorumaq fikrində deyiləm. Komandanı mən yığmamışam. Heç bir futbolçunun burada olmasına məsuliyyət daşımıram. Bu qədər azarkeş mənə inanırdı, məsuliyyət daşıyırdım. Komandanı finala çıxarmaq istəyirdim. Edə bilmədiyimə görə üzr istəyirəm.

Hər məşqçinin oyun üslubuna uyğun futbolçular var. İşlədiyim komandalarda da həmin mövqelərdə hansı oyunçuların oynadığını görmüsüz. Sabir Buqrini deyərdim. Məqsədimiz ən azından oyun üslubumuza uyğun futbolçuları götürməkdir. Neçə faiz gedəcək, neçə faiz qalacaq, bilmirəm. Zaman göstərəcək”.

Xəbəri sosial şəbəkələrdə paylaş: