Berezutski: “Qapıçılarımız penaltilərə hazır idilər, amma…”

“Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, bu gün Tovuz şəhər stadionunda baş tutan “Turan Tovuz” – “Sabah” oyununun əsas və əlavə vaxtında qalib müəyyənləşməyib – 2:2. Penaltilər seriyasında daha dəqiq oynayan (3:1) paytaxt klubu 1/4 finala yüksəlib.

Vasili Berezutski matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçularıma təşəkkür edirəm. Onlar xarakter göstərdilər. Oyun bizim üçün çox çətin alındı. Uşaqlar özlərində güc tapdılar və qələbə qazandıq. Mərhələ adlamağın bizim üçün önəmi böyükdür. “Turan Tovuz”un müdafiəçisi Denis Marandiçə şəfa diləyirəm. İnanıram ki, tez bir zamanda sağalacaq.

Qapıçılarımız penaltilərə hazır idilər, oyunçularımız isə yox. Penaltilər seriyası lotoreyadır. Burada kim stressə daha dözümlü olursa, o qalib gəlir.

Sofian Çakla həqiqətən də çox fərqli şəxsiyyətdir. Bəzən onun davranışlarını heç kim başa düşmür. Amma mən belə insanları çox sevirəm. Onun oyun bitən kimi paltardəyişmə otağına yollanmasından qeyri-adi bir şey görmürəm.

Növbəti oyunumuz “Qarabağ”a qarşı olacaq. Əlbəttə, bizim üçün çox ağır olacaq. Futbolçuların əksəriyyəti bu gün 120 dəqiqə meydanda oldular. Müəyyən rotasiyalar edəcəyik. Bu gün süni meydançada oynamaq vəziyyəti bir qədər də ağırlaşdırırdı”.