Berezutski qısa danışdı, mətbuat konfransını erkən tərk etdi

“Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Kubokunun yarımfinalında “Neftçi”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, rusiyalı mütəxəssis 2:1 hesabıyla qalib gəldikləri oyundan sonrakı mətbuat konfransında qısa danışıb:

“Uşaqlara afərin, yaxşı oyun göstərdilər. 11 nəfər futbolçuya və 3 hakimə qarşı mübarizə apardılar. Sanki VAR-da hakim yox idi. Oyun barəsində bu qədər danışa bilərəm, vəssalam”.

Bu sözlərdən sonra rusiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırmaq istəməyib. Belə ki, Berezutski öz fikirlərini açıqladıqdan sonra konfrans zalını tərk edib.

“müdafiəmiz çox bərbaddır” – Samir Abasov

“Neftçi”nin baş məşqçisi Samir Abasov isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Bu hesab hər şeyin həll olunduğu anlamına gəlmir. Cavab matçına da qələbə üçün çıxacağıq. Yeganə çıxış yolumuz budur. Bəzi şeyləri dəyişdirməliyik. Ən azından bəzi epizodları yaxşılaşdırmalıyıq. Heç olmasa, bu oyunlar üçün. Birəbir mübarizələrdə rəqibə çox uduzduq.

Bu heyət finala çıxmaq üçün yetərlidirmi? Bu, artıq başqa mövzudur. İndi onu desəm, danışsam, incələməyə başlasam, məsələ özü də şişəcək. Qarşıda 8 tur var. Mən tərəfdən bu məsələləri incələsəm, yersiz olar. Problemlərimizi, boşluqlarımızı bilirik. Problemlərin 8 tura başa çatacağını düşünmürək. Amma indiki futbolçularla bağlı nəsə desəm, mövzu “şişəcək”. Mövsümün sonunu gözləyək.

Oyundan narazı qalmadım. Birinci hissədəki elementləri yaxşı edirdik, epizodlar da yaradırdıq. Keyfiyyət deyəndə, incələməliyik. Bu haqda hələ danışmayım. Mövsümün sonuna qədər oyunlarımız var. Bizim fərdi olaraq müdafiəmiz çox bərbaddır. Birəbir olduğumuz epizodları uduzuruq, rəqibin hücumları ilə bitir. Bunu bir-birimizi sığortalamaq və çox epizod yaradıb, qol vurmaqla qarşısını ala bilərik. Bunu da bacarmırıq. “Araz-Naxçıvan”la görüşdə 4 epizod yaratmışıq, sıfır qolla çıxırıqsa, problemimiz var. Qarşıdakı oyunlara baxacağıq”.