Berkay Özcan və Deniz Türüçdən “Başakşəhər”lə yeni müqavilə

Türkiyənin “Başakşəhər” klubu hücumameyilli yarımmüdafiəçisi Berkay Özcan ilə müqaviləsinin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Tərəflər arasındakı yeni sözləşmənin müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Əvvəlki sözləşmənin müddəti isə 2024-cü ilin yayında bitəcəkdi.

Berkay Özcan 2019-cu ilin sentyab ayından “Başakşəhər”də forma geyinir. 25 yaşlı futbolçu Super Liqa klubunun heyətində 164 oyuna çıxıb, 9 qol və 8 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə Almaniyada “Ştutqart” və “Hamburq”un uğurları üçün çalışıb. Özcan Türkiyə millisində də 7 oyun keçirib.

İstanbul klubu digər yarımmüdafiəçisi Deniz Türüçlə də yeni müqavilə bağlayıb. 30 yaşlı futbolçu yeni sözləşməyə əsasən 2026-cı ilin 30 iyununa kimi bu komandada qalacaq. Onun da müqaviləsi bu mövsümün sonuna qədər idi. Türüç “Başakşəhər”də 125 oyuna çıxıb, 20 qol vurub, 12 assist edib. O, “Kayserispor”, “Qou Ehed İqlz”, “Fənərbaxça” kimi klubların da formasını geyinib, Türkiyə millisində 12 oyuna 2 qol vurub.

“Başakşəhər” sol cinah vingeri Munir Şuyar da Bolqarıstan “Ludoqorets”inə keçib. 24 yaşlı fransız bu mövsümün sonuna kimi icarədə olacaq. “Başakşəhər”də 30 oyuna 2 qol və 9 assistlə yadda qalan futbolçu “Lans” “Dijon”, “Yeni Malatyaspor” və “Kasımpaşa”da da forma geyinib. O, Fransanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.

Əvəzində “Başakşəhər” İtaliyanın “Torino” klubunda forma geyinən türk futbolçu Emirhan İlkhanı heyətinə qatıb. 19 yaşlı mərkəz yarımmüdafiəçisi bu mövsümün sonuna kimi icarəyə götürülüb. Ötən mövsüm “Sampdoriya”da da icarədə olmuş Emirhan “Beşiktaş”ın yetirməsidir. O, Turin klubunda cəmi 4 oyuna çıxıb.

“Torino” 10 milyona futbolçu satdı, gürcü müdafiəçi transfer etdi

“Torino” İlkhandan başqa daha üç futbolçusu ilə yollarını ayırıb. Fransadan olan sağ cinah müdafiəçisi Brayan Bayeye də “Askoli”yə icarəyə verilib. 23 yaşlı futbolçu da mövsümün sonuna kimi icarədə olacaq. Turin klubunda cəmi 5 oyun keçirib 1 məhsuldar ötürmə müəllifi olan futbolçu “Katanzaro” və “Karpi”də də oynayıb.

Hücumameyilli yarımmüdafiəçi Simone Verdi “Torino”nu “Komo”ya dəyişib. 31 yaşlı italyan futbolçu yeni klubu ilə 2+1 illik müqavilə bağlayıb. “Torino”da 93 oyuna 6 qol vurmuş, 15 məhsuldar ötürmə vermiş futbolçu İtaliya yığmasında da 4 oyun keçirib. O, “Empoli”, “Bolonya”, “Verona”, “Napoli”, “Yuve Stabiya”, “Salernitana”, “Eybar”, “Karpi”, “Milan” və “Komo”da da oynayıb.

“Torino” sağ cinah müdafiəçisi Vilfrid Sinqonu da “Monako”ya satıb. İtaliya klubu bu satışdan 10 milyon avro qazanıb. 22 yaşlı futbolçu Liqa 1 təmsilçisi ilə 5 illik müqaviləyə imza atıb. O, “Torino”da 109 oyuna 7 qol vurub, 10 assistlə yadda qalıb.

Turin təmsilçisi heyətinə yeni oyunçular da cəlb edib. Belə ki, İtaliya klubu Moskva “Dinamo”sundan Saba Sazonovu transfer edib. Gürcüstan yığmasının da üzvü olan 21 yaşlı mərkəz müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. Turinlilər onun transferi üçün Rusiya klubuna 2.75 milyon avro ödəyiblər. “Zenit”in yetirməsi olan futbolçu 2021-ci ildən “Dinamo”da forma geyinirdi. Sazonov Gürcüstan yığmasında da 3 oyun keçirib.

“Torino” “Atalanta”nın sağ cinah müdafiəçisi Brandon Soppi və hücumçusu Duvan Sapata da “Torino”ya keçib. Onların hər ikisi mövsümün sonuna kimi Turin klubunda icarədə olacaq.

Brandon Soppi “Atalanta”da 16 oyuna 4 məhsuldar ötürmə müəllifi olub. 21 yaşlı fransız futbolçu “Udineze” və “Renn”də də forma geyinib.

Duvan Sapata isə “Atalanta”da 191 oyuna çıxıb, 82 qol və 43 məhsuldar ötürmə müəllifi olub. O, “Udineze”, “Napoli”, “Estudiantes”, “Amerika de Kali”, “Sampdoriya” kimi klubların da formasını geyinib. 32 yaşlı forvard Kolumbiya yığmasında da 34 oyuna 4 qol vurub.