Türkiyəli qapıçı Berke Özer Portuqaliyanın “Portimonense” klubundan ayrılaraq yenidən ölkəsinə qayıtmağa qərar verib. Arena.az xəbər verir ki, 22 yaşlı qolkiper “Eyüpspor”a transfer olunub.
Bu barədə 1-ci liqa klubunun rəsmi saytı məlumat yayıb. Türkiyəli qolkiper yeni klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqavilə bağlayıb. Lakin o, bu ilin 30 iyununa qədər Super Liqa təmsilçisi “Ümraniyəspor”a icarəyə verilib.
Berke Özer “Altınordu”nun yetirməsidir. O, 2018-ci ilin yayında 2.5 milyon avro qarşılığında “Fənərbaxça”ya transfer olunmuşdu. İstanbul klubunda olarkən Belçika “Vesterlo”sunda icarədə də oynamış futbolçu, 2022-ci ilin yayında “Fənərbaxça”dan azad agent kimi ayrılaraq “Portimonense” ilə müqavilə bağlamışdı. Türkiyəli qolkiper bu komandanın heyətində cəmi 2 matça çıxıb. Özer Türkiyənin aşağı yaş qrupları üzrə milli komandalarının da formasını geyinib.
“Ümraniyəspor” “Eyüpspor”un yarımmüdafiəçisi Jesse Sekidikanı da icarəyə götürüb. Nigeriyadan olan 26 yaşlı vingerin də bu mövsümün sonuna kimi icarədə oynayacağı açıqlanıb.
Jesse Sekidika “Eyüpspor”a “Qalatasaray”dan transfer olunub. O, İstanbul nəhəngində olarkən “Konyaspor” və “Leuven” klublarında da icarədə oynamışdı. 2022-ci ilin yayında isə futbolçu birdəfəlik “Eyüpspor”a transfer olunmuşdu. Daha öncə “Napredak” (Kruşevaç) və “Əskişəhərspor”da da oynamış Sekidika, “Eyüpspor”da 26 oyuna 3 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
“Eyüpspor” bu gedənlərin əvəzində Super Liqa təmsilçisi “İstanbulspor”dan Melih Kabasakalı icarəyə götürüb. Dayaq yarımmüdafiəçisi bu mövsümün sonunadək TFF 1-ci liqa klubunda mübarizə aparacaq. O, 2020-ci ildən formasını geyindiyi “İstanbulspor”da 99 oyuna çıxıb, 5 qol və 4 məhsuldar ötürmə müəllifi olub. “Trabzonspor”un yetirməsi olan yarımmüdafiəçi, bu komandadan başqa “Sarıyer”, “1461 Trabzon” və “Erokspor”un da uğurları üçün çalışıb.


