“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Bernardo Dias Azərbaycan Premyer Liqasında sentyabr üçün “Ayın qolu” layihəsinin qalibi olub.
Arena.az bu barədə Naxçıvan klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, Azərbaycan Premyer Liqasında sentyabr üçün “Ayın qolu” layihəsinin qalibi müəyyənləşib. Peşəkar Futbol Lqiasının (PFL) rəsmi “Facebook” hesabında paylaşılan 5 qol arasında “Araz-Naxçıvan”ın üzvü Bernardo Diasın sentyabrın 13-də 6-cı tur çərçivəsində “Kəpəz”ə vurduğu qol ən çox emoji toplayıb. Portuqaliyalı yarımmüdafiəçi 62-ci dəqiqədə meydana daxil olub, 76-cı dəqiqədə matçın taleyini həll edən qola imza atıb.
Qeyd edək ki, qalibə Misli və PFL tərəfindən mükafatlar təqdim olunacaq. Bu, çox güman ki, Premyer Liqanın 10-cu turu çərçivəsində baş tutacaq “Şamaxı” ilə səfər oyununda baş tutacaq. Sözügedən oyun oktyabrın 19-da Şamaxı şəhər stadionunda keçiriləcək.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümündə “Ayın qolu” layihəsinin ilk qalibi “Sumqayıt”ın futbolçusu Kamran Quliyev olmuşdu. Onun Premyer Liqanın 3-cü turu çərçivəsində “Səbail”ə 2:1 hesabıyla qalib gəldikləri oyunda vurduğu qol azarkeşlər tərəfindən ən yaxşı seçilmişdi.
Bernardo Dias “Araz-Naxçıvan”a bu ilin iyul ayında Portuqaliyanın “Torreense” klubundan azad agent kimi keçib. 27 yaşlı futbolçunun Premyer Liqa təmsilçisi ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. O, Naxçıvan klubunun heyətində 8 oyuna çıxıb, 2 qola imza atıb.


