Bernardo Silva Çempionlar Liqasında həftənin ən yaxşısı seçildi

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib. Arena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Bu həftə baş tutan yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına dörd namizəd var idi: Rodri və Bernardo Silva (hər ikisi “Mançester Siti”, İngiltərə), Lautaro Martines və Hakan Çalhanoğlu (hər ikisi “İnter”, İtaliya).

UEFA-nın rəsmi saytına azarkeşlər arasında keçirilən səsvermənin yekununda portuqaliyalı yarımmüdafiəçi hamını qabaqlayıb. O, buna İspaniyanın “Real” komandası ilə ev oyununda dubla imza atmaqla nail olub. Silva həm də 11.20 km məsafə qət edib, 92 faizlik dəqiq ötürmə ilə yadda qalıb.

Bernardonun komandası isə bu oyunda 4:0 hesablı möhtəşəm qələbə qazanmaqla Çempionlar Liqasının finalına yüksəlib. Bu komandalar arasında Madriddə baş tutan ilk oyunda isə 1:1 hesablı heç-heçə qeydə alınmışdı.

“Mançester Siti” UEFA Çempionlar Liqasının finalında İtaliyanın “İnter” komandası ilə qarşılaşacaq. Bu komandalar arasındakı həlledici qarşılaşma iyunun 10-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda baş tutacaq.

Sonda onu da xatırladaq ki, Bernardo Silva 2017-ci ilin iyul ayında “Monako”dan 50 milyon avro qarşılığında “Mançester Siti”yə keçib. 28 yaşlı yarımmüdafiəçi indiyə qədər “şəhərlilər”in heyətində 303 oyuna çıxıb, 55 qol vurub, 58 asistlə yadda qalıb.

Portuqaliyalı futbolçu daha öncə “Monako” (147 oyun, 28 qol, 19 asist) və “Benfika”da (38 oyun, 7 qol, 7 asist) da forma geyinib. O, Portuqaliya millisində də 80 oyun keçirib, 10 qol vurub.