Bernardo Silva: “Çempionluq yarışından tamamilə kənardayıq”

“Mançester Siti”nin futbolçusu Bernardo Silva İngiltərə Premyer Liqasının cari mövsümündə çempionluq şanslarının qalmadığını etiraf edib.

Arena.az portuqal yarımmüdafiəçinin müvafiq qənaətini təqdim edir:

“Fikrimcə, Premyer Liqa qəniməti mümkünsüz deyil, çünki futbolda qeyri-mümkün heç nə yoxdur, amma hazırda “Mançester Siti” çempionluq yarışından tamamilə kənarda qalıb. Bu, qətidir. Bizim üçün çox gecdir”, deyə Silva vurğulayıb.

Xatırladaq ki, keçirdiyi 19 oyunda cəmi 31 xal toplamış “Mançester Siti” İngiltərə Premyer Liqasının cari mövsümünün yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Əlavə edək ki, ispan mütəxəssis Xosep Qvardiolanın “şəhərlilər”i son 14 oyunda cəmi 2 qələbə qazanıblar.

Bernardo Silva “Benfika”nın yetirməsidir. 2014-cü ilin avqustunda “Monako”ya icarəyə verilmiş Silva 2015-ci ilin yanvarında tamhüquqlu əsasda knyazlıq klubuna transfer edilib. 2017-ci ilin iyulunda isə “Mançester Siti” 50 milyon avro müqabilində Bernardo Silvanı heyətinə qatıb. Silvanın “Mançester Siti” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Silva “Siti”nin heyətində bütün yarışlarda 26 oyuna 3 qol və 4 məhduldar ötürmə ilə fərqlənib. Silvanın “şəhərlilər”in heyətində çıxışının ümumi mənzərəsi belədir: 381 oyun, 69 qol, 70 məhsuldar ötürmə.

Bernardo Silva 2015-ci ilin martında debüt etdiyi Portuqaliya yığmasının heyətində 98 oyuna çıxıb, 13 qol vurub və 28 məhsuldar ötürmə verib. Silva Portuqaliya yığması ilə 2019-cu ildə UEFA Millətlər Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı portuqal hücumameylli yarımmüdafiəçnin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.