“Əl-İttihad”ın niderlandlı sol cinah hücumçusu Stiven Berqveyn Niderland yığmasının baş məşqçisi Ronald Kumanın tənqidini cavablayıb.
Arena.az bu barədə “Centre Goals” dərgisinə istinadən məlumat verir.
Söhbət niderlandlı mütəxəssisin həmyerlisi olan futbolçunun “Ayaks”dan Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-İttihad”a keçidinə tənqidi münasibətindən gedir. Kuman, Berqveynin bu keçidi müqabilində futbolçunun Niderland yığmasındakı kitabının bağlandığını bildirmişdi.
Öz növbəsində Berqveyn onun Niderland yığmasındakı perspektivlərinin üstündən xətt çəkməyi düşünən həmyerlisi, niderlandlı mütəxəssis Kuman haqda fikrini açıqca bildirib:
“Mən daha bu məşqçi üçün oynamaq istəmirəm. Məni mətbuatda göstərdiyi kimi təsvir etmiş biri üçün oynamaram. O, mənə zəng edib hadisələrlə bağlı seçimimi dinləyə bilərdi. Mənimlə danışmadan necə belə xüsusları dilə gətirə bilər?”, deyə futbolçu məşqçini qınayıb.
Sol cinah hücumçusu mövqeyində çıxış edən Stiven Berqveyn futbola “Vaterveyk” klubunda qədəm qoyub. “Ayaks” və PSV-nin futbol akademiyalarında yetişmiş Berqveyn böyük futbola Eyndhoven təmsilçisinin heyətində gəlib. Niderlandlı hücumçu karyerası ərzində sonralar “Tottenhem” və “Ayaks”da çıxış edib.
2024-cü ilin sentyabrında “Əl-İttihad” 21 milyon avro məbləğ müqabilində Berqveyni “Ayaks”dan tamhüquqlu keçid əsasında öz heyətinə qatıb. Ərəb klubu niderlandlı futbolçu ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Berqveyn “Ayaks”ın heyətində bütün yarışlarda 31 oyuna çıxıb, 13 qol vurub və 5 məhsuldar ötürmə verib.
Cari mövsümdə isə Berqveyn “Əl-İttihad”ın heyətində hələ siftəsini etməyib.
Stiven Berqveyn 2018-ci ilin oktyabrında debüt etdiyi Niderland yığmasının heyətində 35 oyuna 8 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Stiven Berqveynin qənimətlər muzeyində PSV ilə qazandığı Niderland çempionluğu (3 dəfə) və Niderland Super Kuboku var.
“Transfermarkt” internet-portalı 26 yaşlı niderlandlı sol cinah hücumçusunun transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.