Bertolaççi getdi, Roden və Veseli gəldi – Türkiyə klubunda

Futbol üzrə İtaliya milli komandasının sabiq yarımmüdafiəçisi Andrea Bertolaççi Türkiyənin “Fatih Karagümrük” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, vətəninə dönən italiyalı futbolçu “Kremoneze”yə keçib.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 32 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.

Andrea Bertolaççi 2021-ci ilin yanvarından “Fatih Karagümrük”də forma geyinirdi. Təcrübəli futbolçu bir müddət (2022-ci ilin yanvarından noyabrına qədər) “Kayserispor”da oynadıqdan sonra yenidən İstanbul klubuna qayıtmışdı. O, “Fatih Karagümrük”də bütövlükdə 52 oyuna çıxıb, 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

“Roma”nın yetirməsi olan Bertolaççi karyerası ərzində “Cenoa”, “Milan”, “Leççe” və “Sampdoriya”nın da formasını geyinib. O, İtaliya milli komandasında 5 oyun keçirib.

“Fatih Karagümrük”də 3 yeni futbolçu

Bertolaççiylə vidalaşan “Fatih Karagümrük” onun əvəzində isveçli yarımmüdafiəçi Markus Rodeni transfer edib. İtaliyanın “Frozinone” klubundan azad agent kimi ayrılmış 32 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Markus Roden peşəkar karyerasına “Elfsborq”da başlayıb. O, “Skövde”, “Krotone” kimi klublarda da forma geyinib. 2019-cu ildən “Frozinone”də olan təcrübəli yarımmüdafiəçi bu komandada 120 oyuna 10 qol vurub, 16 məhsuldar ötürmə verib. Roden İsveç yığmasında da 18 oyun keçirib, 2 qola imza atıb.

İtaliyanın “Benevento” klubunun mərkəz müdafiəçisi Frederik Veseli də “Fatih Karagümrük”ə keçib. 30 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Ötən ilin avqustundan “Benevento”da çıxış edən müdafiəçi bu komandada 21 oyuna çıxıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Veseli karyerası ərzində “Mançester Yunayted” və “Mançester Siti”nin U-21 komandalarında oynayıb, “Empoli”, “Luqano”, “Port Vale”, “Salernitana”, “Beri”, “Le Man”, “İpsviç” kimi klubların formasını geyinib. İsveçrənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış futbolçu 2015-ci ildən Albaniya millisində oynamağa başlayıb. O, millidə 43 matç keçirib.

“Fatih Karagümrük” argentinalı qapıçı Matias Dituronu da transfer edib. 36 yaşlı qapıçı ilə 2 illik müqavilə imzalanıb. Sonuncu iş yeri Çilinin “Universidad Katolika” klubu olan təcrübəli qolkiper Super Liqa təmsilçisinə azad agent kimi qoşulub.

Matias Dituro karyerası ərzində “Selta”, “Bolivar”, “Deportes Antofaqasta”, “Jorxe Vistermann”, “Aurora”, “Gilyermo Braun”, “Duqlas Haiq”, “Alaves” kimi klubların da formasını geyinib.