“Beşiktaş” Azərbaycana gəlir – Bakıda xeyriyyə matçı olacaq

Türkiyənin üç ən böyük komandasından biri olan “Beşiktaş” bu ilin aprel ayında Azərbaycana səfər etməyə hazırlaşır. Arena.az xəbər verir ki, bu barədə qardaş ölkə mətbuatı məlumat yayıb.

“Sabah” nəşrinin yazdığı məlumata görə, İstanbul təmsilçisi zəlzələdən əziyyət çəkənlərə yardım məqsədilə iki ölkədə yoldaşlıq görüşü keçirməyi planlaşdırır. Belə ki, “ağ-qaralar” əvvəlcə bu ay milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə zamanı Almaniyaya yollanacaq. İstanbul klubu Almaniya Bundesliqa çıxış edən klublardan biri ilə üz-üzə gəlmək istəyir. Hazırda Mönhenqladbax “Borussiya”sı və “Leypsiq”lə danışıq aparılır. Bu rəqibin kimliyinə yaxın günlərdə aydınlıq gəlməsi gözlənilir.

“Beşiktaş”ın Azərbaycana səfəri isə Super Liqanın bu mövsümkü təqviminə əsasən istirahət edəcəyi müddətdə – 9-30 aprel aralığında baş tutacaq. Şenol Günəşin yetirmələri Azərbaycan Premyer Liqasında mübarizə aparan komandalardan biri ilə Bakıda üz-üzə gələcək. Lakin rəqibin kimliyi hələlik açıqlanmır. Böyük ehtimalla bu, ya “Qarabağ”, ya da “Neftçi” olacaq. Ağdam klubunun son illərdə tez-tez “qara qartallar”la yoldaşlıq görüşü keçirəcəyi barədə xəbərlər yayılsa da, bu, alınmırdı. Ehtimal etmək olar ki, bu dəfə klublar arasındakı danışıqlar uğurlu alınıb və nəhayət ki, iki qardaş ölkə təmsilçisi belə bir matçı təşkil edə biləcəklər.

Xatırladaq ki, bu mövsüm Türkiyə Super Liqasında o qədər də uğurlu çıxış etməyən “qara qartallar” 22 turdan sonra 40 xalla üçüncü pillədə qərarlaşıblar. “Qarabağ” isə 62 xalla Azərbaycan Premyer Liqasında vahid liderdir. “Neftçi” də 49 xalla üçüncü yerdə gedir.

Xəbəri sosial şəbəkələrdə paylaş: