Türkiyənin “Beşiktaş” komandası Azərbaycanın “Sabah” komandasına qarşı keçirəcəyi yoldaşlıq oyunu üçün Bakıya gəlib. Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, “qara qartallar” 3 saatlıq uçuşdan sonra Azərbaycan paytaxtına çatıblar. Komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda çoxsaylı azarkeş ordusu qarşılayıb. İstanbul təmsilçisinin baş məşqçisi Şenol Günəşə gül çələngi təqdim olunub. Futbolçulardan bəzisi azarkeşlərlə şəkillər çəkdiriblər. Daha sonra komanda üzvləri onlar üçün ayrılmış avtobusla məskunlaşacaqları otelə yollanıblar.
Komanda ilə yanaşı, klubun vitse-prezidenti Serhan Çetinsaya, ikinci vitse-prezident Engin Baltacı da Azərbaycana gəlib. İstanbul təmsilçisinin idarə heyətində yer alan Ali Bayrak ilə Seyit Ateş də nümayəndə heyətinin tərkibində yer alıb.
“Sabah” rəhbərliyi dostluq matçı öncəsi “Beşiktaş”ın Bakıya təşrif buyurmuş rəhbər şəxsləri ilə axşam yeməyində bir araya gəliblər. Görüşdə “Sabah”ın prezidenti Maqsud Adıgözəlov, klubun baş direktoru Ramin Hacıyev, AFFA-nın baş katibi Sərxan Hacıyev və Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov da iştirak ediblər. Dostluq yeməyinin sonunda Engin Baltacı “Sabah”ın prezidentinə imzalı “Beşiktaş” forması hədiyyə edib.
Xatırladaq ki, “Sabah”la Türkiyə nəhəngi arasındakı qardaşlıq matçı sabah – mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyuna saat 18:00-da (Türkiyə vaxtı ilə saat 17:00-da) start veriləcək. Qardaşlıq oyununun baş hakimi Tural Qurbanov olacaq. Ona yan xətt hakimləri Vüsal Məmmədov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İnqilab Məmmədov yerinə yetirəcək.
Bu matç xeyriyyə xarakteri daşıyır. Belə ki, oyundan əldə edilən bütün gəlir qardaş Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.











