Türkiyənin “Beşiktaş” klubu daha iki futbolçusunu – Amir Hacıahmetoviç və Emrecan Uzunhanı da icarəyə göndərib.
Arena.az xəbər verir ki, İstanbul klubu Amiri “Rizəspor”a, Emrecanı isə “Antalyaspor”a icarəyə verib.
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, hər iki oyunçu qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. Onların müqaviləsində satınalmaya dair şərt nəzərdə tutulmayıb. 2027-ci ilin 30 iyununa kimi müqavilələri olan oyunçular gələn yay yenidən İstanbul klubunun düşərgəsinə qayıdacaqlar.
Amir Hacıahmetoviç Bosniya və Herseqovinanın “Jelezniçar” klubunun yetirməsidir. O, Türkiyədə “Konyaspor”un da formasını geyinib. “Qara qartallar” dayaq yarımmüdafiəçisini 2023-cü ilin fevral ayında 3,2 milyon avro müqabilində transfer edib. 27 yaşlı futbolçu İstanbul klubunun heyətində 42 oyuna çıxıb, 1 qol və 8 assistlə yadda qalıb.
Bosniya və Herseqovinanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış Hacıahmetoviç, 2020-ci ildən əsas millidə çıxış edir. O, yığmanın heyətində 30 oyuna 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Emrecan Uzunhan isə futbola “Qalatasaray”da başlasa da, “İstanbulspor”un yetirməsi hesab olunur. “Beşiktaş” onu 2022-ci ilin iyul ayında 2 milyon avroya transfer edib. Mərkəz müdafiəçisi indiyə qədər bu komandanın heyətində cəmi 7 oyuna çıxıb, 1 assistlə yadda qalıb. Emrecan ötən mövsümü də “Antalyaspor”da icarədə keçirib – 13 oyun, 1 assist.
Emrecan Bulut “Rizəspor”la 4 illik müqavilə bağladı
“Beşiktaş”ın sol vingeri Emrecan Bulut da tamhüquqlu əsasla “Rizəspor”a keçib. 21 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqavilə imzalayıb. Ötən mövsümü “Ümraniyəspor”da icarədə keçirmiş futbolçu daha öncə “Somaspor”da da oynayıb. Gənc futbolçu “qara qartallar”ın əsas komandasında debüt şansı qazanmayıb.
“Rizəspor” qapıçısı Gökhan Akkanla da yeni müqavilə bağlayıb. 29 yaşlı futbolçu klubla 1 illik yeni müqaviləyə imza atıb. 2015-ci ildən Rizə təmsilçisində çıxış edən qolkiper 217 oyuna çıxıb, 315 qol buraxıb, 64 “quru” oyun görüb. Vaxtilə “Ankaragücü” klubunun da şərəfini qorumuş Gökhan, Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında oynayıb, əsas millidə 1 matça çıxıb.
“Rizəspor” digər qapıçısı Zafer Görgeni də 1-ci Liqa təmsilçisi “Bandırmaspor”a icarəyə verib. 24 yaşlı qolkiper qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. “Manisaspor”un yetirməsi olan Zafer, 2019-cu ilin yanvarından formasını geyindiyi “Rizəspor”da 20 oyuna çıxıb, 23 qol buraxıb, 7 “quru” matç keçirib. O, ötən mövsümün ikinci dövrəsində də “Bandırmaspor”da icarədə olub.