Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqanın sonuncu qalibi İstanbulun digər təmsilçisi “Başakşəhər”dən qapıçı Mert Günoku transfer edib.
Bu barədə “qara qartallar”ın mətbuat xidməti məlumat yayıb. Türkiyə millisinin də üzvü olan 32 yaşlı qolkiperlə 3 illik müqavilə imzalanıb.
“Beşiktaş” bu transfer üçün “Başakşəhər”ə 1 milyon 400 min avro ödəyəcək.
Mert Günok peşəkar karyerasına “Fənərbaxça”da başlayıb. O, 2015-2017-ci illər aralığında “Bursaspor”da çıxış edib. Son dörd mövsümdə isə futbolçu “Başakşəhər”in formasını geyinirdi. Təcrübəli qolkiper Türkiyə millisində də 22 matça çıxıb.


