“Beşiktaş” niderlandlı hücumçu ilə gücləndi

Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin “Bernli” klubunun hücumçusu Vout Veqhorstu heyətinə cəlb edib.

Bu barədə “qara-qartallar”ın rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu 2022/23 mövsümün sonuna qədər İngiltərə klubundan icarəyə götürülüb. Bu icarəyə görə “Bernli”yə heç bir məbləğ ödənilməyəcəyi diqqətə çatdırılıb. Əvəzində futbolçunun özü bir mövsüm üçün 2.8 milyon avroluq maaş alacaq. Onun üçün daha 200 min avro performans mükafatı nəzərdə tutulub.

Vout Veqhorst “Bernli”yə bu ilin yanvarında Almaniyanın “Volfsburq” klubundan 12 milyon funt-sterlinq qarşılığında transfer olunmuşdu. Amma niderlandlı hücumçu bu komandanın heyətində cəmi 20 oyuna çıxıb və 2 qola imza atıb.

Peşəkar karyerasına ölkəsində “Emmen” klubunda başlamış Veqhorst, sonralar “Herakles Almelo” və “Alkmaar”ın da formasını geyinib. Niderland yığmasının da üzvü olan hücumçunun ən parlaq dönəmi “Volfsburq”a təsadüf edib. O, Almaniya klubunda 2018-2012-ci illər aralığında 144 matça çıxıb və 70 qol vurub.

Hücumçu Niderland yığmasında da 14 oyuna çıxıb və 3 qola imza atıb.

Yeri gəlmişkən, “Beşiktaş”la müqaviləsinin müddəti başa çatan Kayl Larinin yeni iş yeri müəyyənləşib. İstanbul təmsilçisinin sabiq yarımmüdafiəçisi bundan sonra Belçikanın “Brügge” komandasında çıxış edəcək. 27 yaşlı futbolçu bu klubla 3 illik müqaviləyə imza atıb. Belçika təmsilçisinə azad agent kimi keçdiyi üçün 500 min imza pulu alacaq Larin, burada ilinə 1.6 milyon avro qazanacaq.

Xatırladaq ki, Kayl Larin 2018-ci ildən “Beşiktaş”da çıxış edirdi. O, İstanbul təmsilçisində keçirdiyi dörd mövsüm ərzində 108 oyuna çıxıb, 39 qola imza atıb, 9 məhsuldar ötürmə müəllifi olub. Kanadalı oyunçu 2019/20 mövsümündə Belçikanın “Sulte Varegem” klubuna icarəyə də verilmişdi. Forvardın oynadığı komandalar arasında “Siqma” (Kanada, 2014) və “Orlando Siti” (ABŞ, 2015-2017) də var. Kanadalı oyunçu geridə qalan mövsümdə meydana çıxdığı 37 matçda 8 qolla yadda qalıb. Kanada yığmasında 44 oyuna 23 qol vurmuş futbolçunun milli ilə birgə qarşıdakı dünya çempionatında iştirakı gözlənilir.