Albaniya millisinin və Polşanın “Legiya” klubunun hücumameyilli yarımmüdafiəçisi Ernest Muçi bundan sonra “Beşiktaş”ın formasını geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
İstanbul nəhəngi transferinə 10 milyon avro ödədiyi 22 yaşlı futbolçu ilə müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalayıb. Bununla da Muçi “Beşiktaş” tarixinin ən bahalı transferinə çevrilib. Türkiyə klubunun alban futbolçudan öncəki ən bahalı transferi Rodriqo Tabata idi (8 milyon avro).
Ernest Muçi Albaniyanın “Dinamo” və “Tirana” klublarının yetirməsidir. O, “Legiya”ya 2021-ci ilin fevralında 500 min avro qarşılığında “Tirana”dan keçmişdi. Yarımmüdafiəçi Varşava klubunun heyətində 114 oyuna çıxıb, 21 qol vurub, 10 məhsuldar ötürmə verib.
Albaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış Muçi, 2021-ci ilin noyabrında debüt etdiyi əsas millidə cəmi 7 matça çıxıb, 2 qol vurub.
“Qarabağ”ın rəqibindən “Beşiktaş”a
“Beşiktaş” Portuqaliyanın “Braqa” klubunun və Liviya yığmasının dayaq yarımmüdafiəçisi Almoatasembella Əli Məhəmməd Əl-Musratini heyətinə qatıb. 27 yaşlı futbolçu satınalma şərti ilə icarəyə götürülüb. Əl-Musratinin yarım mövsümlük icarəsi “qara qartallar”a 1 milyon avroya başa gəlib. İstanbul klubu onu yayda birdəfəlik transfer etmək istəsə, “Braqa”ya əlavə 11 milyon avro ödəməli olacaq. Futbolçunun performansından asılı olaraq, Portuqaliya klubunun daha 2,5 milyon avro gəlir əldə etməsi mümkündür.
Xatırladaq ki, Əl-Musrati Avropa Liqasının pley-off mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Braqa”ya 2020-ci ildə azad agent kimi qoşulub. O, karyerası ərzində “Əl-İttihad” (Tripoli), “Vitoriya” (Gimaraynş) və “Rio Ave” kimi klubların da formasını geyinib. “Braqa”da 151 oyuna 15 qol vurub, 8 assist etmiş yarımmüdafiəçi, 2014-cü ildən formasını geyindiyi Liviya yığmasında da 40 oyuna çıxıb, 2 qola imza atıb.
Emrecan Bulut Coşqun Diniyevin komandasında
“Beşiktaş” İngiltərənin “Nottingem Forest” klubunun mərkəz müdafiəçisi Co Uorrallı da satınalma şərti ilə icarəyə götürüb. 27 yaşlı ingilis futbolçunun Türkiyə klubunda qalması onun bu mövsümkü performansından asılı olacaq.
Co Uorrall “Nottingem Forest”in öz yetirməsidir. Müdafiəçi bu klubun əsas komandasında 226 oyun keçirib, 5 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. Uorrall daha öncə “Daqenem və Redbric”, həmçinin “Reyncers” klublarında da icarədə oynayıb. O, İngiltərənin U-20 və U-21 yığmalarında da forma geyinib.
“Beşiktaş” sol cinah vingeri Emrecan Bulutu da “Ümraniyəspor”a icarəyə verib. Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor” 21 yaşlı futbolçunu bu mövsümün sonuna kimi icarəyə götürüb. Gənc vingerin müqaviləsində satınalma şərti nəzərdə tutulmayıb.
Emrecan Bulut “Beşiktaş”a bu mövsümün əvvəlində “Somaspor”dan 211 min avro qarşılığında keçmişdi. O, İstanbul təmsilçisini debüt etmədən tərk edib.