“Beşiktaş”da Əl-Musrati sevinci

Türkiyənin “Beşiktaş” klubunun liviyalı yarımmüdafiəçisi Almoatasembella Əli Məhəmməd Əl-Musrati zədəsini sağaldıb.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Xəbərdə bildirilir ki, müalicəsi başa çatan 27 yaşlı futbolçu Türkiyə Super Liqasının 31-ci turu çərçivəsində keçiriləcək “Başakşəhər”lə səfər matçında iştirak edə biləcək.

Xatırladaq ki, liviyalı ulduz Super Liqanın 29-cu turu çərçivəsində martın 11-də keçirilmiş “Qaziantep”lə səfər matçında zədələnmişdi. O, həmin oyunun ikinci hissəsinin əvvəlində aldığı zədə səbəbindən 54-cü dəqiqədə əvəzlənmək məcburiyyətində qalmışdı. Yarımmüdafiəçi məhz bu üzdən “Antalyaspor”la çempionat matçında komandasına kömək edə bilməmişdi.

Super Liqada son 3 matçından xalsız ayrılan “Beşiktaş” qarşıdakı “Başakşəhər”lə səfər matçında qalib gələrək, ruh yüksəkliyi qazanmaq istəyir. Aprelin 4-də keçiriləcək bu oyuna Bakı vaxtı ilə saat 20:30-da start veriləcək.

Xatırladaq ki, Əl-Musrati bu il fevral ayının 9-da 1 milyon avroya Portuqaliyanın “Braqa” klubundan icarəyə götürülmüşdü. Lakin cəmi 5 gün sonra İstanbul nəhəngi 11 milyon avro qarşılığında bu oyunçunun transfer hüquqlarını da aldığını açıqlamışdı. 27 yaşlı futbolçunun “Beşiktaş”la 2027-ci ilin 30 iyununa qədər müqaviləsi var.

Liviyalı yarımmüdafiəçi indiyə qədər “Beşiktaş”da 6 rəsmi oyuna çıxsa da, hələlik, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Almoatasembella karyerası ərzində “Əl-İttihad” (Tripoli), “Vitoriya” (Gimaraynş), “Rio Ave” və “Braqa” kimi klubların formasını geyinib. “Braqa”da 151 oyuna 15 qol vurub, 8 assist etmiş yarımmüdafiəçi, 2014-cü ildən formasını geyindiyi Liviya yığmasında da 40 oyuna çıxıb, 2 qola imza atıb.

“Beşiktaş” hazırda Türkiyə Super Liqasında 46 xalla dördüncü pillədə qərarlaşıb. Super Liqanın turnir cədvəlinə 81 xalla “Qalatasaray” liderlik edir. “Fənərbaxça” 79 xalla ikinci, “Trabzonspor” 49 xalla üçüncüdür.

Bahar Rüstəmzadə