Türkiyənin “Beşiktaş” klubu cəmi bir neçə gün öncə Portuqaliya Braqasından icarəyə götürdüyü Əl-Musratinin transfer hüquqlarını da alıb.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə nəhəngi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, bu mövsümün sonuna kimi icarəyə götürülmüş Almoatasembella Əli Məhəmməd Əl-Musrati transfer hüquqları ilə birgə satın alınıb. 27 yaşlı oyunçu ilə müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.
İstanbul nəhəngi bu keçidə görə 11 milyon avrosundan keçib. Bu isə Türkiyə klubunun tarixində ən bahalı transfer deməkdir. Maraqlıdır ki, “qara qartallar” cəmi bir neçə gün öncə bu baxımdan yeni rekord müəyyənləşdirmişdilər. Belə ki, Polşanın “Legiya” klubundan transfer olunmuş Ernest Muçinin keçidi üçün Varşava klubuna 10 milyon avro ödənilmişdi. Amma bundan cəmi 5 gün sonra Əl-Musratinin transfer hüquqlarının alınması üçün 11 milyon avro ödənilməsi əvvəlki rekordun qırılmasına səbəb olub.
Onu da xatırladaq ki, son günlərə qədər Türkiyə klubunun ən bahalı transferi Rodriqo Tabata idi. “Beşiktaş” vaxtilə onun transferinə 8 milyon avro ödəmişdi. Amma Muçi və Əl-Musratinin transferləri Tabatanın rekordunu unutdurmuş oldu.
Almoatasembella Əli Məhəmməd Əl-Musrati Avropa Liqasının pley-off mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Braqa”ya 2020-ci ildə azad agent kimi qoşulmuşdu. O, karyerası ərzində “Əl-İttihad” (Tripoli), “Vitoriya” (Gimaraynş) və “Rio Ave” kimi klubların da formasını geyinib. “Braqa”da 151 oyuna 15 qol vurub, 8 assist etmiş yarımmüdafiəçi, 2014-cü ildən formasını geyindiyi Liviya yığmasında da 40 oyuna çıxıb, 2 qola imza atıb.


