“Beşiktaş”ın əsas qol “silah”ı Vensan Abubakar sıradan çıxıb.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
Kamerunlu hücumçu millinin düşərgəsindən zədəli qayıdıb və buna börə bir müddət yaşıl meydanlardan kənarda qalacaq. 29 yaşlı futbolçu Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində baş tutan Ruanda ilə matçda (0:0) sıradan çıxıb. Tibbi müayinə nəticəsində Abubakarın əzələsində gərilmə aşkarlanıb. Müalicəsinə start verilən hücumçunun yaşıl meydanlara nə vaxt qayıdacağı dəqiq bilinmir.
Qeyd edək ki, Vensan Abubakar bu mövsüm Super Liqada 25 oyuna çıxıb, 15 qola imza atıb və 5 məhsuldar ötürmə müəllifi olub. O, bu baxımdan “Beşiktaş”ın ən məhsuldar futbolçusudur.
Kamerun yığmasının üzvü İstanbul klubunda 2016-cı ildən çıxış edir. 2016/17 mövsümündə “Portu” klubundan icarəyə götürülmüş futbolçu Türkiyədə bir mövsüm keçirəndən sonra yenə Portuqaliyaya qayıdıb. 2020-ci ilin sentyabrında isə “Beşiktaş” onu birdəfəlik transfer edib.
Cari mövsümdəki uğurlu çıxışı ilə “Beşiktaş”ın əsas qol “silah”ı olan Abubakar Kamerun yığmasında 69 oyun keçirib və 23 qola imza atıb.
“Beşiktaş” Türkiyə çempionatında 29 oyuna topladığı 64 xalla 21 kollektiv arasında vahid liderdir. Sözügedən komanda Super Liqanın 32-ci turu çərçivəsində səfərdə “Kasımpaşa” ilə üz-üzə gələcək. Aprelin 4-də keçiriləcək oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.


