“Betis”də İsko şoku – 2 ay oynamayacaq

Futbol üzrə İspaniya milli komandasının və “Betis”in hücumameylli yarımmüdafiəçi İsko uzun müddətə sıradan çıxıb.

Arena.az bu barədə Sevilya təmsilçisinin rəsmi saytına istinadən məlumat verir.

İspaniyalı futbolçu La Liqanın 23-cü turunda “Xetafe” ilə matçda (1:1) zədələnib. İspaniya mətbuatının yazdığına görə, sol dizindən zədə alan “Real”ın sabiq futbolçusu 2 ay yaşıl meydanlardan kənarda qalacaq.

İsko “Valensiya”nın yetirməsidir. 2011-ci ilin iyulunda “Malaqa”ya transfer edilmiş futbolçu burada parlayaraq, “Real”ın diqqət mərkəzinə düşüb. 2013-cü ilin iyulunda “kral klubu” İskonu öz heyətinə qatıb. 9 il “Real”da parlaq surətdə çıxış etmiş yarımmüdafiəçi 2022-ci ilin avqustunda madridlilərin düşərgəsini azad agent qismində tərk edərək, “Sevilya”ya keçib. Elə həmin il dekabrın sonlarında İsko o vaxt “Sevilya”nın idman direktoru olan Ramon Monçi ilə münaqişə mənzərəsində klubu tərk edib. 7 ay futbolsuz dolaşmış futbolçu “Betis”ə 2023-cü ilin iyulunda azad agent qismində qoşulub. Vurğulayaq ki, “Betis” “Sevilya”nın qatı rəqibidir.

Cari mövsümün geridə qalmış hissəsində İsko “Betis”in heyətində bütün yarışlarda 29 oyuna çıxıb, 7 qol vurub, 5 məhsuldar ötürmə verib.

İskonun muzeyi qənimətlərlə zəngindir və bunların hamısı futbolçunun “Real” dövründə qazandığı kuboklardır: 3 İspaniya La Liqası, 1 İspaniya Kral Kuboku, 3 İspaniya Super Kuboku, 5 Çempionlar Liqası, 3 UEFA Super Kuboku, 4 FIFA Klub Dünya Kuboku. Bir sözlə, İsko klub futbolu səviyyəsində bütün mümkün qənimətlərin çoxsaylı qalibidir.

İsko 2013-cü ilin fevralında debüt etdiyi İspaniya yığmasının heyətində 38 oyun keçirib, 12 qol, 6 məhsuldar ötürmə ilə fərqlənib. İstedadlı futbolçu İspaniyanın əsas yığmasına U16-dan U21-ə qədər bütün yolu keçməklə düşüb. İsko İspaniyanın U-21 yığması ilə 2013 Avropa Çempionatının qalibi olub.

“Transfermarkt” internet portalı 31 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: