Belçikanın “Genk” klubunun hücumameyilli yarımmüdafiəçisi Bilal Əl-Xannus bundan sonra “Lester Siti”nin uğurları üçün çalışacaq.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.
Premyer Liqa təmsilçisi Belçika vətəndaşlığına da malik olan mərakeşli yarımmüdafiəçini 20,5 milyon avro müqabilində heyətinə qatıb. 20 yaşlı futbolçu yeni klubu ilə 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanb.
Bilal Əl-Xannus Belçikanın digər klubu “Anderlext”in yetirməsidir. 2019-cu ildən “Genk”də çıxış edən yarımmüdafiəçi bu klubun əsas komandasında 94 oyun keçirib. O, bu oyunlarda 4 qol vurub, 14 məhsuldar ötürmə müəllifi olub.
Bilal vaxtilə Belçikanın U-15, U-15, U-17 və U-18 yığmalarında çıxış edib. O, Mərakeşin U-17, U-18, U-20 və U-23 yığmalarında da forma geyinib. 2022-ci ilin dekabrında Mərakeşin əsas millisində debüt etmiş Əl-Xannus bu komandada keçirdiyi 14 oyunda 2 məhsuldar ötürmə verib.
“Lester Siti” gənc hücumçusu Tom Kennonu da “Stok Siti”yə icarəyə verib. 21 yaşlı futbolçu bu mövsümün sonunadək icarədə çıxış edəcək. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Tom Kennon İngiltərənin “Everton” klubunun yetirməsidir. “Preston”da da oynamış futbolçu “Lester Siti”yə 2023-cü ilin sentyabrında 8,8 milyon avro müqabilində keçib. Gənc hücumçu Lester təmsilçisində 16 oyun keçirib, 3 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
Kennon İrlandiyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb. Bu yay əsas millidə də debüt etmiş futbolçu fərqlənə bilməyib.