Futbol üzrə Azərbaycan Birinci Divizionunun 28-ci turu çərçivəsində bu gün keçirilməli olan “Zirə-2” – “Qarabağ-2” matçı təxirə salınıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, buna “Qarabağ-2” komandasının futbolçusu Şirxan Həsənzadənin vəfatı səbəb olub. Bununla əlaqədar olaraq “Zirə-2” – “Qarabağ-2” matçının vaxtı dəyişdirilib. Qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi 10 mayda Binə qəsəbə stadionunda yox, 13 mayda “ASK Arena”da keçiriləcək. Matça saat 20:00-da start veriləcək.
Yeri gəlmişkən, Birinci Divizionun 26-cı turundan təxirə salınmış “Kəpəz-2” – “Qarabağ-2” görüşünün də keçiriləcəyi tarix bəlli olub. Gəncə şəhər stadionunun ehtiyat meydançasında baş tutacaq bu qarşılaşma mayın 19-da keçiriləcək. Oyuna saat 16:00-da start veriləcək.
Sonda onu da xatırladaq ki, Azərbaycanın U-21 millisinin və “Qarabağ”ın əvəzedici komandasının müdafiəçisi Şirxan Həsənzadə mayın 8-də vəfat edib. 20 yaşlı futbolçunun ölümünə ürəyindəki problem səbəb olub. Belə ki, aprelin 22-də baş tutan hazırlıq prosesi zamanı ürəyi dayan müdafiəçi təcili tibbi yardımın köməyi ilə dərhal xəstəxanaya çatdırılıb. Əməliyyat olunan oyunçu bir neçə gün komada qaldıqdan sonra mayın 8-də dünyasını dəyişib.
Allah rəhmət eləsin!