Bo Henriksen “Maynts”ın yeni baş məşqçisi təyin olundu

Danimarkalı futbol mütəxəssisi Bo Henriksen Almaniyanın “Maynts” komandasının yeni baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Henriksen “Maynts”ın baş məşqçi postunda Yan Ziverti əvəz edib. 49 yaşlı mütəxəssis Almaniya klubu ilə müddəti 2026-cı ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.

Bo Henriksen bu həftəyə qədər İsveçrənin “Sürix” komandasına rəhbərlik edirdi. O, məhz “Maynts”dan aldığı təklifə görə ötən gün sözügedən klubdan ayrılıb. Danimarkalı mütəxəssis 2022-ci ilin oktabrından “Sürix”i çalışdırırdı. O, daha öncə “Midtyulland”, “Horsens” və “Brönshöy” klublarında da baş məşqçi kimi fəaliyyət göstərib.

Xatırladaq ki, Almaniya Bundesliqasında uğursuz mövsüm keçirən “Maynts” ötən gün Yan Ziverti istefaya göndərmişdi. 41 yaşlı alman mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilmişdi.

Zivert 2023-cü ilin noyabr ayından rəhbərlik etdiyi “Maynts”ı bütövlükdə 12 oyuna çıxarıb. Komanda bu görüşlərdə cəmi 1 qələbə qazanıb, 6 heç-heçə edib və 5 məğlubiyyətə üzülüb.

“Maynts” Almaniya Bundesliqasının cari mövsümündə ən uğursuz çıxış edən iki komandadan biridir. Belə ki, geridə qalmış 21 turda cəmi 1 qələbəsi olan komanda 9 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb. “Maynts” hazırda 12 xalla 18 iştirakçı arasında 17-ci pillədədir. Sonuncu pillədə olan “Darmştadt” da eyni xal toplayıb.