Boatenq və Auar Lion “Olimpik”ini tərk etdilər

Fransanın “Olimpik” (Lion) klubunun yarımmüdafiəçisi Hussem Auar və müdafiəçisi Jerom Boatenq Liqa 1 təmsilçisindən ayrılıblar.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Hər iki futbolçu ilə müqavilənin müddəti başa çatıb. Bu üzdən də tərəflər vidalaşmağa qərar veriblər.

Hussem Auar Lion “Olimpik”inin öz yetirməsidir. O, 2018-ci ildən bu klubun əsas komandasında çıxış edirdi. Mərkəz yarımmüdafiəçisi bu komandada meydana çıxdığı 233 matçda 41 qol vurub, 36 məhsuldar ötürmə ilə yadda qalıb. 24 yaşlı fransalı futbolçunun Əlcəzair vətəndaşlığı da var. Amma o, Fransanın U-17, U-21 və əsas yığmalarına oynayıb.

Jerom Boatenq isə 2021-ci ilin sentyabr ayında Almaniyanın “Bayern” klubundan azad agent kimi ayrılaraq Lion təmsilçisi ilə müqavilə bağlamışdı. Almaniyadan olan 34 yaşlı mərkəz müdafiəçisi “Olimpik”də 35 oyuna çıxıb və cəmi 2 assistlə yadda qalıb. O, “Bayern”, “Hamburq”, “Mançester Siti”, “Herta” kimi klubların da şərəfini qoruyub. Boatenq Almaniya milli komandasında 76 oyun keçirib, 1 qol vurub.