Boban Mitev “Sabah”ın 2-ci qələbəsinə şərh verdi

Basketbol üzrə Azərbaycan çempionu “Sabah”ın baş məşqçisi Boban Mitev “Rabotniçki”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, təmsilçimiz ötən gecə FİBA Avropa Kubokunun təsnifat mərhələsinin qrup mərhələsində növbəti oyununa çıxıb.

A qrupunun oyunları Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində təşkil olunub. Azərbaycan çempionu ikinci sınağında məhz yerli “Rabotniçki” ilə qarşılaşıb və 83:81 hesablı qələbəyə sevinib.

Boban Mitev oyundan sonra bunları söyləyib:

“Oyunçularımı təbrik edirəm. Onlar xüsusilə də fasilədən sonra oyundan qopmadılar. İlk hissədəki səhvləri təkrarlamadılar. Fasilədə verdiyimiz qərarlar özünü doğrultdu. Oyunun gedişatını dəyişməyi bacardıq. İlk oyunda olduğu kimi, bu dəfə də oyunun sonlarında yaxşı oynamadıq. Bu da komandanın avrokubok təcrübəsinin az olmasından irəli gəlir. Lakin daha yaxşı oyun sərgiləyəcəyimizə inanıram. “Rabotniçki” klubuna cari mövsümdə uğurlar arzulayıram”.

Xatırladaq ki, “Sabah” 18 illik fasilədən sonra Azərbaycanı avrokuboklarda təmsil edən ilk komandadır. Azərbaycan çempionu ilk turda Niderlandın “Donar” (Qroningen) komandasına da 75:72 hesabıyla qalib gəlmişdi. Qrupdakı son qarşılaşma “Rapid”ə (Buxarest, Rumıniya) qarşı olacaq. Qrupun qalibi turnirin müntəzəm çempionatına vəsiqə qazanacaq. Hazırda həm “Rapid”in, həm də “Sabah”ın 6 xalı var. Rumınlarla görüş sabah – oktyabrın 5-də baş tutacaq.