Bobur Abduxoliqov milliyə dəvət aldı

“Sumqayıt”ın yeni transferilərindən olan özbək hücumçu Bobur Abduxoliqov futbol üzrə Özbəkistan milli komandasına dəvət alıb.

Arena.az bu barədə “Sumqayıt”ın mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, 27 yaşlı hücumçu Qırğızıstan və İran yığmalarına qarşı dünya çempionatının seçmə mərhələsində keçiriləcək oyunlara çağırılıb. Görüşlər müvafiq olaraq martın 20-də və 25-də keçiriləcək. Özbəkistan yığması qırğızlar ayın 20-də doğma meydanda, iranlılarla isə 5 gün sonra səfərdə qarşılaşacaq.

Xatırladaq ki, mərkəz hücumçusu olan Bobur Abduxoliqov “Sumqayıt”a bu ilin fevral ayında cəlb olunub. 27 yaşlı futbolçu ilə sonradan 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər sözləşmə imzalanıb. Özbək futbolçu yeni komandasında 9 nömrəli formada çıxış edir. O, “Sumqayıt”da hələlik 4 oyuna çıxıb və fərqlənə bilməyib.

Abduxoliqov Özbəkistanın “Nasaf” klubunun yetirməsidir. O, karyerası ərzində Ukraynanın “Rux” (Lvov), Belarusun “Energetik” (Minsk) və Qazaxıstanın “Ordabası” klublarının da şərəfini qoruyub. 2024-cü ilin fevralında yenidən “Nasaf”a qayıtmış 27 yaşlı futbolçu bu ilin əvvəlində sözügedən klubdan azad agent kimi ayrılmışdı.

Özbəkistanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Abduxoliqov 2018-ci ilin iyununda əsas millidə debüt edib. O, əsas millidə keçirdiyi 18 oyunda 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Daha öncə “Sumqayıt” daha 2 legionerinin öz ölkələrinin milli komandalarına dəvət aldığını açıqlamışdı. Yarımmüdafiəçi Ronaldo Vaskes 22 və 26 mart tarixlərində Puerto Riko ilə yoxlama oyunları keçirəcək Dominikan Respublikası seçməsinə çağırılıb. Tresor Mossi isə dünya çempionatının seçmə mərhələsində 21 mart tarixində Fil Dişi Sahili, 25 mart tarixində Seyşel adaları ilə qarşılaşacaq Burundi yığmasına dəvət alıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: