Argentina nəhəngi “Boka Xuniors” “genuyalılar”ın sükanını argentinalı mütəxəssis Fernando Qaqoya həvalə edib.
Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən məlumat verir:
“Evə xoş gəldin, Fernando”, – klubun bəyanatında deyilir.
Əlavə edək ki, Qaqo böyük futbola məhz “Boka Xuniors”da qədəm qoyub. Argentina nəhəngi, Qaqo ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Futbolçu ikən həmçinin “Real”, “Roma”, “Valensiya”, “Veles Sarsfield” və Argentina yığmasının uğurları üçün çalışmış Qaqo 2020-ci ildə futbolçu karyerasına xitam verib.
2021-ci ildə Qaqo “Aldosivi” klubunda məşqçilik karyerasına başlayıb, ardınca “Rasinq” (Avelyaneda) və “Qvadalaxara” komandalarını çalışdırıb.
Argentina mətbuatı vurğulayır ki, 38 yaşlı gənc mütəxəssis üçün Argentina nəhənginin sükanı arxasında fəaliyyət çox böyük bir çağırış və məsuliyyətdir.



