Boks Federasiyasında hesabat və yeni vitse-prezident

Azərbaycan Boks Federasiyasının (ABF) ümumi yığıncağı keçirilib, yığıncaqda gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.

Arena.az xəbər verir ki, yığıncağında məlumat verilib ki, ötən il Azərbaycan boksu üçün uğurlu olub.

Belə ki, boksçularımız rəsmi və beynəlxalq yarışlarda 2022-ci ildə 77 medal qazanıblarsa, 2023-cü ildə bundan 2,3 dəfə çox olmaqla 179 medal əldə ediblər.

Federasiya prezidenti Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov tədbirdə çıxış ediblər. Onlar Paris-2024 Yay Olimpiya Oyunlarında da boksçularımızın parlaq qələbələrə imza atacaqlarına və Oyunlarda iştirak üçün lisenziyaların sayının artacağına əminliklərini bildiriblər.

İclasda 2023-cü ilin yekunları, Federasiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirləri, hakimlərin fəaliyyəti ilə bağlı hesabatlar dinlənilib.

Qeyd olunub ki, Azərbaycan boksçuları 2022-ci ildə rəsmi və beynəlxalq yarışlarda 30 qızıl medal qazanıbsa, ötən il 35 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yeniyetmə boksçularımızın uğurları da artıb. Onlar ötən il 7 beynəlxalq yarışda 60 mükafat qazanıb. Avropa birinciliyinə qatılan məktəbli boksçuların nailiyyətləri də əlavə olunmaqla, medal sayı 64 olub.

Beləliklə, boks üzrə yeniyetmələrdən ibarət yığma 2022-ci illə müqayisədə ötən il 3,3 dəfə çox medal əldə edib. Gənc boksçularımızın medal sayı isə 3,2 dəfə artaraq əvvəlki ilə nisbətən 16-dan 2023-cü ildə 51-ə yüksəlib.

Bu il 100 illik yubileyini qeyd edən Azərbaycan boksu üçün əsas hədəf “Olimpiya qızılına doğru” devizi ilə yollanacağı Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal əldə etməkdir.

Daha sonra ABF-in Nizamnaməsi yeni redaksiyada təsdiq edilib. Həmçinin səsvermə əsasında Vasif Sultan oğlu İsmayılov Federasiyanın yeni vitse-prezidenti seçilib. 1972-ci ildə doğulan Vasif İsmayılov iş adamı kimi və uzun illər diaspora sahəsində fəaliyyət göstərir.

İclasda boksumuzun yeni qələbələr əldə etməsi üçün görülən işlər və qarşıda duran hədəflər müzakirə olunub.